Bu gün ABŞ Prezidenti Donald Tramp ikinci dəfə bu vəzifəyə seçildikdən sonra Konqresə ilk müraciətini edəcək.
Analitiklər sözügedən müraciətində onun əsas prioritetrlərini açıqlayacağı qənaətindədirlər.
Tədbirdə ABŞ Dövlət Departamentinin və Ali Məhkəmənin nümayəndələri iştirak edəcək.
Bildirilir ki, görüşün keçirilməsində məqsəd Ukraynanı müzakirə etmək və hətta ola bilsin ki, ölkə ilə bağlı müəyyən tədbirlər görməkdir.
Həmin tədbirin gündəliyinə Ukraynaya daha əvvəlki ABŞ administrasiya tərəfindən razılaşdırılmış hərbi yardımın dayandırılması da daxil ola bilər.
Qeyd edək ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ Prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb.
Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib.
Maraqlıdır, tədbirdə Donald Tramp Rusiyaya qarşı sanksiyaları yumşalda, ya da Rusiyanın bəzi hüquqi və fiziki şəxslərinə, o cümlədən bir neçə oliqarxa qarşı sanksiyaları ləğv edə bilər?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, bu gün ABŞ Prezidenti Donald Tramp Ukrayna məsələsində mövqeyi bəllidir:
“Tramp Ukraynanın təslim olmasını, eyni zamanda Rusiya ilə ABŞ-nin müəyyənləşdirdiyi kontekstdə sülh danışıqlarına getməsini istəyir. Lakin ABŞ-nin Ukraynaya yanaşması, indiki rəhbərliyin konseptual yanaşmalarından fərqlənir.
Belə ki, bu gün ABŞ və ya Avropa İttifaqı Ukraynaya, Rusiya tərəfindən işğal edilmiş ərazilərin yenidən bərpa edilməsi, Ukraynanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı konkret bir vəd verə bilmir. Ukraynanın ərazi bütövlüyü problemi hələ də qalmaqdadır və Ukrayna ərazilərində Qərb siyasi sistemləri arasında qarşıdurmalar mövcuddur.
Artıq Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa liderləri ilə görüşdən sonra verdiyi bəyanatdan sonra daha kəskin addımlar atmağa başlayacaq. Bunlara ABŞ-dən Ukraynaya gedən hərbi yardımların dayandırılması, həmçinin Ukraynada döyüş trayektoriyalarının aparılmaması üçün bütün hücum silahlarının Ukraynadan məhrum edilməsi daxildir. Həmçinin, ABŞ-nin maliyyə yardımının dayandırılması da gündəmə gəlir.
Trampın bu qərarlardan geri çəkilməsi yalnız bir şərtlə mümkündür. Ukraynada yeni bir sistemin formalaşması və ya ABŞ investorlarının Ukraynanın faydalı qazıntılarını və yataqlarını istismar etməsi. Əks təqdirdə, Amerika Ukraynanı daha çox sıxmağacaq.
Tədbirdə Donald Tramp Rusiyaya qarşı sanksiyaları yumşalda, ya da Rusiyanın bəzi hüquqi və fiziki şəxslərinə, o cümlədən bir neçə oliqarxa qarşı sanksiyaların ləğvinə gəlincə, ekspert deyib ki, hələlik Rusiyaya qarşı sanksiyaların yumşaldılması və ya ləğvi gündəmdə deyil:
“Əgər Donald Trampın vasitəçiliyi ilə əlaqələr bərpa olunsa və müəyyən bir razılaşma əldə edilsə, bu məsələdə də müəyyən yumşalmalar baş verə bilər.
Bununla belə, Rusiyaya qarşı sanksiyaların tamamilə ləğv edilməsi ehtimalı azdır. ABŞ-nin vasitəçiliyi ilə hər hansı çərçivə müqaviləsi və ya ilkin saziş bağlanmadan bu prosesin həyata keçirilməsi çətin görünür”.
Politoloq Samir Hümbətov isə qeyd edib ki, dünyada Tramp administrasiyasına və ABŞ hökumətinə qarşı ciddi fikir dəyişiklikləri müşahidə olunur:
“ABŞ-nin Ukraynaya dəstəyin kəsilməsinin gələcəkdə böyük fəsadlar yaradacaq və bu Avropa ilə münasibətlərə də mənfi təsir edəcək.
Onlar bu məsələnin yalnız Ukrayna ilə bağlı olmadığını, həm də Qərbin nüfuzunun itirilməsi ilə əlaqəli olduğunu anlayırlar. Buna görə də ABŞ ehtiyatlı davranmağa çalışır. Lakin Tramp administrasiyası və Tramp özü açıq şəkildə bildirir ki, ABŞ Ukraynaya dəstəyi davam etdirməkdə çətinlik çəkir və bu münasibətlər bir şəkildə dayandırılmalıdır.
Bəs ABŞ-nin müharibəyə dəstəyi nə qədərdir? ABŞ-nin müharibəyə dəstəyi 20 %-ə bərabərdir. Bu, müharibənin gedişatına təsir edə bilər. 20 faiz müharibə üçün kiçik bir rəqəm deyil və bu, Ukraynanın gələcəkdə kapitulasiya etməsi üçün təzyiq ola bilər. Bu, ABŞ-nin Ukraynaya olan dəstəyini azaldaraq, ölkənin müharibədə tək qalmasına səbəb ola bilər".
Sonda Samir Hümbətov Rusiyaya qarşı sanksiyaların mümkün ləğvinə də aydınlıq gətirib:
“Əgər Rusiya Tramp administrasiyasını qane edəcək təkliflər irəli sürərsə, xüsusilə də Amerika investisiyalarının, şirkətlərinin Rusiyada daha geniş yayılmasına şərait yaradarsa, bu, sanksiyaların qismən ləğvi üçün bir əsas ola bilər.
Əslində Tramp Bayden administrasiyası dövründə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalardan məharətlə istifadə etməyə çalışır. O, bu sanksiyaları bir təzyiq vasitəsi kimi işlədərək Rusiyadan müəyyən güzəştlər qoparmağa çalışır.
Belə ki, Tramp mesaj verə bilər ki, əgər istədiyi imtiyazlar təmin olunmazsa, sanksiyaları davam etdirəcək. Məsələ burasındadır ki, bu siyasət Rusiyanı ciddi güzəştlər etməyə vadar edə bilər”.