EN

Gürcüstanda QHT-lərin ictimai qərarların qəbulunda iştirakı məcburi olmayacaq

Gürcüstan parlamenti QHT-lərin qərarların qəbulunda iştirakının məcburi olmasını ləğv edən dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, plenar iclasda “Parlamentin reqlamentinə dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Yeni layihəyə əsasən, ictimai qərarların qəbulunda qeyri-hökumət təşkilatlarının (QHT) məcburi iştirakı ləğv olunur.

Qanun layihəsini təqdim edən komitə sədri David Matikaşvilinin sözlərinə görə, Gürcüstandakı QHT-lərin əksəriyyəti xaricdən maliyyələşir və bəzən milli maraqlara deyil, donor ölkələrin siyasi məqsədlərinə xidmət edir. O, ABŞ-da ortaya çıxan “USAID qalmaqalı”nı misal çəkərək, bəzi xarici fondların müxtəlif ölkələrdə hökumət əleyhinə aksiyalarını maliyyələşdirdiyini bildirib.

Dəyişikliklərə əsasən, qeyri-hökumət təşkilatları müzakirələrdə iştirak edə biləcəklər, lakin onların qərarvermə prosesində məcburi iştirakı tələb olunmayacaq. Bundan əlavə, qanun layihəsi Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin seçilmə prosedurunu da yenidən müəyyənləşdirir. Yeni qaydaya görə, MSK üzvləri parlamentin üçdə iki səs çoxluğu ilə seçiləcək.

Qanun layihəsi birinci oxunuşda 84 deputatın dəstəyi ilə qəbul edilib.

Chosen
12
report.az

1Sources