EN

Şəkidə “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib

Şəki, 4 mart, Mustafa Dadaşov, AZƏRTAC

Martın 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər Azərbaycan gəncliyi: sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bildirib ki, gənc nəslin vətənpərvər ruhda tərbiyəsi ölkəmizdə daim diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə yönəldilir.

SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi Füzuli İsmayılov 44 günlük Vətən müharibəsi zamanı gənclərin vətənpərvərliyindən, çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasından, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Çıxış edən digər natiqlər, həmçinin şəhid anası Zöhrə Cabbarzadə və Vətən müharibəsi qazisi Asif Məmmədəliyev gənclərə tövsiyələr veriblər.

Sonda Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin və şəhər 11 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim edilib.

Chosen
31
2
azertag.az

3Sources