
Yəqin ki, getdiyiniz restoran və bu kimi yerlərdə yediyiniz yeməklərdə kənd yumurtasına rast gəlməmisiniz. Bəli, restoranlarda kənd yumurtasından istifadə olunmur. Maraqlıdır, niyə bu kimi yerlərdə ancaq dükan yumurtasından istifadə olunur?

E-saglam.az xəbər verir ki, Valyuta.az-a danışan restorator Mahir Əhmədzadə deyir ki, restoranlarda kənd yumurtasından istifadə edilməməsinin bir çox səbəbi var: "Əgər hansısa restoran hazırladığı məhsullarda dükan yumurtasından çox istifadə edirsə, bu, qiymət baxımından sərfəli olduğu üçündür. Fikir versək, dükan yumurtasının qiyməti 15-20 qəpik arası dəyişir, amma kənd yumurtası 40-50 qəpikdir. Aradakı fərqə baxsaq, ucuz yumurta restoran sahibi üçün münasib gəlir".
Tələblə istehsal balanslı deyil
M.Əhmədzadə deyir ki, digər səbəb restoranların yumurtaya olan tələbatıdır: "Az yumurta istifadə edən restoranlar da baha yumurtaya üstünlük vermək istəməz. Məsələnin qanuni tərəfini də qeyd edək. Bu məhsul üçün AQTA tələblərə uyğun olaraq barkod, qeydiyyat, istəyəcək. Təbii ki, kənd məhsullarında da sadalananlar yoxdur. Bu kimi yerlərdə markalı məhsullar istifadə olunmalı, məhsulun tarixi açıq-aydın görülməlidir. Bir digər səbəb isə tələbata görə kənd yumurtası istehsal edənlər yoxdur. Azərbaycanda olan ictimai iaşə obyektlərini təbii kənd yumurtası ilə təmin etmək çətindir”.