EN

“Apple" bu həftə yeni məhsul təqdim edəcək

"Apple" şirkətinin baş direktoru Tim Kuk bu həftə tam yeni bir "Air" seriyalı məhsulun təqdim olunacağını açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkətin yaxın aylarda daha çox cihaz təqdim edəcəyi gözlənilirdi. Kukun son açıqlaması da bunu təsdiqləyib. O, sosial şəbəkə hesabında paylaşım edərək yeni məhsulun bu həftə təqdim olunacağını bildirib. Hərçənd, hansı cihazın elan ediləcəyi açıqlanmasa da, paylaşımda "Air" ifadəsinin yer alması yeni "MacBook Air" və ya "iPad Air" modelinin tanıdılacağı ehtimalını artırır.

"Apple" haqqında etibarlı mənbələrdən biri olan Mark Qurman bazar günü yayımladığı məlumatda şirkətin M4 çipi ilə təchiz edilmiş "MacBook Air" təqdim edəcəyini bildirmişdi. O, eyni zamanda yeni "iPad" modellərinin isə daha sonra elan ediləcəyini qeyd edib. "Apple"ın yeni cihazı hansı gün və saatda təqdim edəcəyi barədə rəsmi məlumat olmasa da məhsulun cümə gününə qədər elan ediləcəyi gözlənilir. Yeni modelin "iPhone 16e" də olduğu kimi sadəcə blog yazısı vasitəsilə təqdim ediləcəyi bildirilir.

Sərvanə Rəmixanova

Chosen
30
valyuta.az

1Sources