Böyük Britaniyanın keçmiş müdafiə naziri Qrant Şapps Tramp administrasiyasının Ukraynaya hərbi yardımın tədarükünü dayandırmaq qərarını faciəvi adlandırıb və bunun qlobal mənfi nəticələrə səbəb ola biləcəyini deyib.
Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Şapps bu barədə X hesabında paylaşım edib.
"Azadlar evi" adlanan Amerika Birləşmiş Ştatlarının diktator Putinlə eyni tərəfdə olması faciəvidir. Bu, ABŞ-ın dünyadakı mövqelərini zəiflədir, Ukraynanın suverenliyini sarsıdır və dünyadakı digər aqressorlara cəsarət verir", – Şapps bildirib.
O, daha əvvəl Rusiyanın qalib kimi çıxacağı hər hansı "sülh" ssenarisinin təhlükəli olduğunu qeyd edib və əgər Ukrayna müəyyən ərazilərini itirmək məcburiyyətində qalarsa, bu prosesin NATO-ya sürətli üzvlüklə kompensasiya edilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Qrant Şapps 2023-2024-cü illərdə Britaniyada Rişi Sunak hökumətində müdafiə naziri vəzifəsini icra edib.