EN

Avropa və Asiya arasında rəqəmsal körpü...

Transxəzər Fiber - Optik Kabel Xəttinin tikintisində növbəti mərhələ başlayır

Müasir texnologiyalar dünyasında dayanaqlı və sürətli internet əlaqələri ölkələrarası iqtisadi və strateji əməkdaşlığın əsas elementlərindən birinə çevrilib. Bu sahədə ən vacib təşəbbüslərdən biri "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsidir. Layihənin mühüm komponentlərindən biri Transxəzər Fiber Optik - Kabel Xətti layihəsidi. Bu layihə Avropa və Asiya arasında yeni nəqliyyat və kommunikasiya infrastrukturunun formalaşmasına böyük töhfə verəcək. Bu təşəbbüs, həmçinin regionda rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirəcək və ölkələr arasında strateji əməkdaşlığı möhkəmləndirəcək.

Bu layihənin reallaşması istiqamətində yeni bir mərhələ başlayıb. Belə ki,  bu günlərdə Azərbaycan və Qazaxıstanın Baş nazirləri Əli Əsədov və Oljas Bektenovun iştirakı ilə Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisinə dair müqavilənin təsdiq edilməsi haqqında sənəd imzalanıb. Sənədi “AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov və “Kazakhtelecom” şirkətinin Direktorlar Şurasının sədri Bagdat Musin imzalayıblar.

Xətt hansı texniki xüsusiyyətlərə və əhəmiyyətə malikdir?

Region üçün strateji əhəmiyyət daşıyan Transxəzər Fiber - Optik Kabel Xətti layihəsi çərçivəsində Sumqayıt və Aktau şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Bu, çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək. Tikinti prosesi sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksəkkeyfiyyətli, davamlı kabellərin layihələndirilməsi və istehsalı, habelə onların daşınması və quraşdırılması da daxil olmaqla bir neçə mərhələdə həyata keçiriləcək.

 “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırırlar. Transxəzər Fiber - Optik Kabel Xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir. Bu rəqəmsal infrastruktur məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.

Transxəzər Fiber Optik Kabel Xətti regionda məlumat axınını sürətləndirən, minimal gecikməli və yüksək zolaq gənişliyini təmin edən bir infrastruktur kimi qiymətləndirilir. Bu, bölgədə süni intellekt, bulud texnologiyaları, data mərkəzləri kimi innovativ sektorların inkişafına təkan verəcək.  Bundan əlavə, bu kabel xətti vasitəsilə Avropa və Asiya arasında yeni bir telekommunikasiya dəhlizi yaradılacaq. Bu, internet trafikinin daha etibarlı və dayanaqlı marşrutla ötürülməsinə imkan verərək, iş adamları və texnologiya sektorları üçün yeni imkanlar yaradacaq.

Layihə beynəlxalq dəstək qazanır

Qeyd edək ki,  “Rəqəmsal İpək Yolu” layihəsi “NEQSOL Holdinq”in təşəbbüsü və Azərbaycanı qlobal internet şəbəkəsinə birləşdirən aparıcı topdansatış telekommunikasiya operatoru “AzerTelecom” tərəfindən həyata keçirilir. Layihə Avropa və Asiya arasında rəqəmsal dəhlizin formalaşdırılması üçün böyük infrastruktur layihələrinin həyata keçirilməsini, yerüstü və sualtı fiber-optik magistral kabel xətlərinin çəkilməsini nəzərdə tutur. Proqram ölkə daxilində və xaricində dayanıqlı magistral infrastrukturun qurulması, Azərbaycan və Gürcüstanda regional Data Mərkəzinin tikintisi, bütün marşrut boyunca yerləşən ölkələrin internet və kontentə olan tələbatını ödəyəcək rəqəmsal telekommunikasiya dəhlizinin formalaşdırılması kimi bir sıra komponentlərdən ibarətdir.

"Rəqəmsal İpək Yolu" layihəsi beynəlxalq təşkilatların sənədlərində də mütəmadi olaraq dəstəklənir. Belə ki, 2021-ci ildə keçirilmiş Türk Dövlətləri Təşkilatının 8-ci Zirvə toplantısında qəbul edilən İstanbul Bəyannaməsində Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan Transxəzər Fiber - Optik Kabel Xəttinə dəstək vurğulanmışdır. 2022-ci ildə imzalanmış Səmərqənd Bəyannaməsi isə üzv dövlətlərin layihəyə dəstəyini bir daha ifadə etmişdir. Bu beynəlxalq dəstəyin davamı olaraq Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində 2023-cü ilin oktyabrın 10-da Şuşa şəhərində keçirilən Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında qəbul olunmuş “Şuşa Bəyannaməsi”ndə də "Rəqəmsal İpək Yolu" layihəsinə xüsusi diqqət yetirilmiş və layihəyə dəstək ifadə olunmuşdur. 2023-cü ilin 7 aprel tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının protokolunda da "Rəqəmsal İpək Yolu" layihəsi çərçivəsində həyata keçirilən işlər əks olunmuşdur. 2024-cü ilin 5 mart tarixində Qazaxıstanın paytaxtı Astanada keçirilmiş Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclasının protokolunda da “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində həyata keçirilən işlər qeyd olunmuşdur.

2024-cü ilin iyulun 6-da Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün yekunu olaraq imzalanmış “Qarabağ Bəyannaməsi”ndə də “Rəqəmsal İpək Yolu” layihəsinə üzv dövlətlərin dəstəyi vurğulanmışdır.

2024-cü ilin 6 noyabr tarixində Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş 11-ci Zirvə görüşündə qəbul olunmuş “Bişkek Bəyananməsi”ndə də “Rəqəmsal İpək Yolu” layihəsinin İKT sahəsində əməkdaşlıq və infrastruktur inkişafı üçün böyük töhfələr verəcəyinə diqqət çəkilmişdir.

Bu beynəlxalq dəstəklər və təsdiqlər göstərir ki, “Rəqəmsal İpək Yolu” layihəsi yalnız regional deyil, qlobal miqyasda da mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsində həyata keçirilən infrastruktur işləri və əlaqələndirilən tədbirlər təkcə məlumat ötürülməsi sahəsində deyil, həmçinin ticarət, iqtisadi inkişaf və sosial əlaqələrin gücləndirilməsi baxımından da uzunmüddətli faydalar gətirəcəkdir. Gələcəkdə bu layihə Avrasiya bölgəsində rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək, regionda innovasiya və texnoloji tərəqqinin təşviqinə xidmət edəcək.

Nigar Orucova, “İki sahil”

Chosen
24
ikisahil.az

1Sources