EN

Oğurlanan 1,4 mlrd. dollarlıq kriptonun böyük hissəsinin taleyi məlum olub

"Bybit" kriptovalyuta birjasından təxminən 1,4 mlrd. dollar dəyərində kriptovalyuta oğurlayan hakerlər ələ keçirdikləri vəsaitin demək olar ki, hamısını "Bitcoin"ə çeviriblər. 

Valyuta.Az xəbər verir ki, ekspertlər bunu çirkli pulların yuyulması əməliyyatının birinci mərhələsi kimi qiymətləndirirlər.  

Xatırladaq ki, Fevralın 21-də "Bybit" şirkətinə məxsus cüzdanlardan birinə qarşı “müxtəlif üsullardan istifadə edilən hücum” nəticəsində 401 346 "Ethereum" oğurlanıb. Bu məbləğ həmin vaxt təxminən 1,4 mlrd. dollar dəyərində olub. 

Kriptovalyuta monitorinqi aparan "Elliptic" şirkətinin həmtəsisçisi və baş elmi işçisi Tom Robinsonun, eləcə də ABŞ-nin keçmiş federal prokuroru və Xəzinədarlıq Departamentinin yüksək vəzifəli əməkdaşı, hazırda isə "TRM Labs" şirkətində qlobal siyasət üzrə rəhbər olan Ari Redbordun sözlərinə görə, hakerlər oğurladıqları bütün "Ethereum" vəsaitlərini əvvəlcə müxtəlif kriptovalyuta cüzdanlarına ayırıblar. Daha sonra isə həmin vəsaitlərin böyük hissəsini "Bitcoin"ə çeviriblər.  

Blokçeyn monitorinqi şirkəti olan "Chainalysis"in milli təhlükəsizlik kəşfiyyatı bölməsinin rəhbəri Endryu Firman "TechCrunch" nəşrinə bildirib ki, şirkət hazırda oğurlanan "Bybit" vəsaitlərinin 90%-ni izləyir. Onun sözlərinə görə, bu vəsaitlərin böyük hissəsi "Bitcoin"ə çevrilərək təxminən 4 400 kriptovalyuta ünvanında saxlanılır.  

"Qalan 10%-lik hissə isə əməliyyat haqları, bloklanmış və ya nağdlaşdırılmış vəsaitlər səbəbindən itirilib", – şirkət əlavə edib. Kriptovalyutanı nağd pula çevirən xidmətlər isə "off-ramp" adlanır.  

Fevralın 24-dən martın 2-dək davam edən ilk mərhələdə Şimali Koreyalı hakerlər oğurlanmış kriptovalyutanın mənbəyini gizlətmək üçün addımlar atıblar. Redbordun sözlərinə görə, onlar əsasən "THORSwap" adlı mərkəzləşdirilməmiş protokoldan istifadə ediblər. Bu xidmət istifadəçilərə vasitəçisiz fərqli blokçeyn şəbəkələri arasında aktiv mübadiləsi aparmağa imkan verir.  

Redbord bildirib ki, bu çirkli pulların yuyulması əməliyyatı hakerlərin "misli görünməmiş səviyyədə operativ və səmərəli" işlədiklərini göstərir.  

"Bu sürətli yuyulma prosesi onu göstərir ki, ya Şimali Koreya çirkli pulların yuyulması infrastruktunu genişləndirib, ya da Çində yeraltı maliyyə şəbəkələri qeyri-qanuni vəsaitlərin mənimsənilməsi və emal edilməsi imkanlarını artırıblar", – Redbord əlavə edib. Onun sözlərinə görə, əməliyyatın miqyası və sürəti istintaq aparan qurumlar üçün yeni çətinliklər yaradır, çünki ənənəvi anti-pul yuma (AML) mexanizmləri bu qədər böyük həcmdə qeyri-qanuni tranzaksiyaları izləməkdə çətinlik çəkir.  

Eyni zamanda, Redbord və Robinson bildiriblər ki, bu prosesin yalnız başlanğıcıdır.  

"Hakerlərin bu vəsaitlərdən yararlanmaq üçün hələ görməli olduqları işlər var", – Robinson "TechCrunch"a açıqlamasında qeyd edib.  

Redbord izah edib ki, ikinci mərhələ oğurlanmış vəsaitlərin – artıq "Bitcoin" şəklində – ilk hissəsinin "mixer"lərə yatırılmasını nəzərdə tutur. Bu xidmətlər istintaq zamanı izlənməni çətinləşdirmək məqsədi daşıyır. Kriptovalyuta "mixer"ləri və ya "tumblers" istifadəçilərin vəsaitlərini digər istifadəçilərin pulları ilə qarışdıraraq mənbə və təyinat ünvanlarını gizlətməyə kömək edir.  

"İndiyə qədər kifayət qədər səbir və maraq göstərən istənilən şəxs 'Bybit' vəsaitlərinin hərəkətini izləyə bilərdi. Lakin 'mixer'lər əksər istintaqçılar üçün böyük maneə yaradır", – Robinson bildirib.  

Bununla belə, Redbord vurğulayıb ki, "mixer" xidmətləri adətən gündə cəmi bir neçə milyon dollardan 10 milyon dollara qədər vəsait qəbul edir. Ona görə də hakerlərin bu qədər böyük məbləği həmin sistemlərdən keçirə biləcəyi hələ sual altındadır.  

Başqa sözlə, hakerlər "Bybit"dən misli görünməmiş məbləğdə vəsait oğurlasalar da, həmin pulların nə qədərini real olaraq nağd pula çevirmək imkanında olacaqları bəlli deyil.  

Bununla belə, Robinsona görə, "Bybit"in bəzi vəsaitləri geri qaytarmaq şansı hələ də mövcuddur.  

"Bu vəsaitlərin ən azı bir hissəsinin mübadilə platformalarından keçməsi mümkündür. Əgər həmin platformalar yetərincə operativ şəkildə oğurlanmış vəsaitlərlə işlədiklərini müəyyən etsələr, onları dondura bilərlər", – Redbord bildirib.  

Hücumdan sonra "Bybit" oğurlanan vəsaitlərin izinə düşərək onları dondurmağa kömək edəcək şəxslərə ümumilikdə 140 milyon dollar məbləğində mükafat vəd edib. Şirkət bildirib ki, geri qaytarılan vəsaitlərin 5%-i həmin vəsaitləri uğurla donduran quruma, 5%-i isə ilk dəfə məlumat verib onların dondurulmasına səbəb olan şəxsə veriləcək. Rəsmi məlumatlara əsasən, indiyədək "Bybit" 19 mükafat ovçusuna cəmi 4,3 milyon dollar ödəyib.  

Rəhim

Chosen
39
valyuta.az

1Sources