EN

Dünyada analoqu olmayan qardaşlıq: Azərbaycan-Türkiyə əlaqələri çiçəklənməkdədir -ANALİZ

Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipi ilə dünyaya örnək olan, qardaşlıq və birlikdəlik ruhunu əks etdirən, qədim tarixə, dərin köklərə malik ölkələrdir. Bu qardaşlıq münasibətləri iki ölkənin mədəni, tarixi və dil əlaqələrinə əsaslanır. Həmçinin Azərbaycan və Türkiyə geosiyasi baxımdan strateji tərəfdaşlar olaraq, regional və qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edirlər. Bu əlaqələr, həmçinin Türk dünyası çərçivəsində birliyin və əməkdaşlığın təmin edilməsi istiqamətində bir model kimi çıxış edir.
İki ölkə arasında ticarət əlaqələri, enerji və nəqliyyat sahələrində əməkdaşlıq da kifayət qədər genişdir. 2000-ci illərdə xüsusilə enerji və infrastruktur layihələri ölkəmizin iqtisadi inkişafını dəstəkləmək və Türkiyə ilə əlaqələri daha da möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycan enerji ixracatı sahəsində Türkiyə vasitəsilə Avropaya açılan yeni yollar əldə edib, bu da hər iki ölkə üçün strateji baxımdan əhəmiyyətli olub.

Milli Məclisin deputatı Naqif Həmzəyev "Sherg.az"a bildirib ki, Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə əməkdaşlığı davam etdirməkdədir:

"Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər iki dövlət bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi və bütün məsələlərdə mümkün qədər bərabər iştirak etməyi dəstəkləyir. Həm 44 günlük Vətən müharibəsinin gedişi zamanı, həm də ondan öncəki dönəmlərdə biz münasibətlərdəki yaxınlığı hiss edirdik. Hazırda regional və qlobal məkanda baş verən prosesləri yaxından izlədikdə Azərbaycanla Türkiyənin açıq-aydın çox düzgün yolda olduğunu söyləyə bilərik. Məhz Orta Şərqdə Ankaranın mövqeyini gücləndirməsi, Suriyada öz istəklərinə çatması və Azərbaycanın da Türkiyənin bu siyasətində onu dəstəkləməsi hər kəsə məlumdur. Həmçinin Cənubi Qafqazda sülhün əldə edilməsi üçün Türkiyənin Azərbaycan mövqeyini hərtərəfli üstün tutması və bütün beynəlxalq platformalarda Azərbaycana dəstək nümayiş etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, münasibətlər artan xətt üzrə inkişafdadır. Unutmamalıyıq ki, Azərbaycan öz beynəlxalq layihələrini Türkiyə üzərindən reallaşdırır. Neft və qaz resurslarının dünya bazarlarına çıxarılması Gürcüstan və Türkiyə vasitəsilə həyata keçirilir. Eyni zamanda qardaş ölkəyə ən çox sərmayə qoyan dövlətlərdən biri də Azərbaycandır. Rəsmi Bakının Türkiyədə keçirdiyi layihələr günü-gündən artmaqdadır".

Deputat əlavə edib ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycanın ilk andan dəstək nümayiş etdirməsi, həmin ərazilərdə yenidənqurma işlərində yaxından iştirakı, böyük qəsəbənin bərpasını öz üzərinə götürməsi iki ölkənin qardaşlıq münasibətlərinin daim dönməz olduğunu bir daha sübuta yetirir:
"Həmçinin Naxçıvanın enerji resurslarının şaxələndirilməsi ilə əlaqədar yeni planlar həyata keçirilir. Türkiyədən bu əraziyə qaz-boru kəmərinin çəkilməsi, Qars-Naxçıvan dəmir yolunun inşası ilə bağlı layihələr icra edilməkdədir. Məhz Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri zamanı Iğdır-Naxçıvan boru-qaz kəmərinin açılış mərasimi reallaşacaq. Bu, nəticə etibarilə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək bir proqramdır. Üstəlik, yaxın gələcəkdə Zəngəzur dəhliz işə düşdükdən sonra enerji resurslarının ardıcıl şəkildə Naxçıvana, Türkiyəyə çatdırılaraq oradan da Avropaya ötürülməsi baş tutacaq. Bir sözlə, Azərbaycan və Türkiyə qarşılıqlı olaraq bütün sahələrdə əməkdaşlığı inkişaf etdirir. Xüsusilə iqtisadi gəlirlərin artırılması və bu sahədə perspektivlərin şaxələndirilməsi üçün də yüksək səviyyədə potensiallar var. Prezident İlham Əliyevin Türkiyəyə gələcək səfərində qaraşlığımızın gücləndirilməsi, o cümlədən qlobal və regional layihələrdə birgə iştirakın gücləndirilməsi, milli təhlükəsizlik üçün addımların atılması, Cənubi Qafqazda sülhün reallaşması, Yaxın və Orta Şərqdə Türkiyə tərəfindən həyata keçiriləcək layihələrdə Azərbaycanın aktiv iştirakı məsələləri müzakirə ediləcək. Ümumiyyətlə regionda iki qardaş ölkənin güclənməsi fonunda bizə qarşı təhdidlərin və təzyiqlərin artma ehtimalını da ölçüb-biçməliyik. Azərbaycanla Türkiyənin Türk dünyasının inkişafı ilə bağlı proseslərdə ön sıralarda olması və ölkəmizin məxsusi olaraq körpü rolunu oynamasını hər kəs qəbullanmaqdadır".
Chosen
31
sherg.az

1Sources