Xaçmazdakı Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvü, şair Gözəl Azayeva həmçinin 10 ildən artıq pedaqoji təcrübəsi olan müəllimdir. G.Azayevanın keçdiyi dərs zamanı hətta ən nadinc uşaqlar belə prosesi pozmağa cürət etmir, əksinə, dərsin ən fəal şagirdə çevrilirlər.TehsilForumu.Az Xeberlenti.com-a istinadən bildirirki, bu barədə açıqlama verən Gözəl Azayeva bildirir ki, müəllim, müəllimliyi ilə tərbiyə etməlidir. Qısaca, müəllim bir tərbiyə nümunəsi olmalıdır:“Məsləhəti hər kəs verə bilər, əsas olan nümunə olmaqdır. Ailədə tərbiyə verilirsə, bu, o demək deyil ki, müəllim artıq bu mövzunu önəmsəməli deyil. Axı şəxsiyyətin formalaşmasına təsir edən 3 amildən biri mühitdir, digərləri irsiyyət və tərbiyə. Burada müəllimin rolu olduqca əsasdır.Bəs səbəb nədir?– Birincisi qloballaşma, ən təhlükəlisi isə kor-koranə qloballaşmadır. Bəli, sosiallaşma az qala hər anımıza sirayət edib. Amma biz düzgünmü sosiallaşırıq?! Əsla və əsla xeyr! “Telefonlar, sosial şəbəkələr bizi məhv edir.” Burada sosial şəbəkələr qloballaşmadır, məhvə doğru getmək isə kor-koranə qloballaşmanın nəticəsidir. Bəs nə etmək lazımdır? İlk öncə valideynli, şagirdli telefonla, sosial şəbəkədə öyrədici, düzgün vaxt keçirilməsi istiqamətində maariflənməliyik.Bəli, çətindir təlim-tərbiyə işi, xüsusilə də, “çətin” uşaqlarla, ailədən bizə elə ötürülən şagirdlərlə.Şəxsi təcrübəmə əsaslanaraq qeyd edimki, şagirdlərin hamısı diqqət önündə olmaq istəyir, oxuyanı, oxumaq istəməyəni, sakiti, dəcəli – hamısı.Yeni məktəbdə şagirdləri ilə tanış olmadığım bir sinfə dərsə hazırlaşırdım.Müəllim yoldaşlarımdan bir neçə nəfəri mənə, “Özünü yorma, onsuz da oxumurlar bir-ikisindən başqa”, “Əsas onları sakit saxlamağa çalış, çox danışırlar, dərsi pozurlar” və bu kimi məsləhətlər verdi. Amma mən tam ayrı nəticə əldə etməyi bacardım. Mövzunu qruplarla işlədik. Mənim uğurum burada oldu, qrup liderliyinə “ən ipə-sapa yatmaz” şagirdləri təyin etdim. Onlar həqiqətən lideri olduqları qrupun ən nizamlı, ən doğru cavab verən qrup olması üçün yarışırdılar. Elə həvəslə işlərini təqdim edib, bomboş qeyd lövhəsinə yerləşdirdilər ki, həmin işlər ilin sonunadək lövhədə qaldı. Hələ bir növbəti dərsdə mənə təşəkkür də etdilər: “Çox sağ olun, müəllim, bizi tərifləmisiniz, sinif rəhbərimiz dedi. Axır ki, bizim də adımız yaxşı işlərdə hallandı.” Mən onda başa düşdüm ki, onlar da yaxşı halların hansılar olduğunu bilirlər və yerinə yetirə bilərlər. Sonradan həmin sinfin rəhbərliyi mənə verildi.Başqa bir təcrübə:Şagirdlərdən biri hər dərsdə nə isə zümzümə edirdi, digərlərinin diqqətini yayındırırdı. Mən bunu “hörmətsizlik” kimi deyil, “istifadə olunası bacarıq” kimi dəyərləndirdim. Növbəti dərslərin birində ona “Şən Azərbaycan” mahnısını oxuyacağını tapşırdım. Həyəcanlandığını hiss etdim və yaxşı da hazırlaşmışdı, amma uşaqların gülə biləcəklərini də nəzərə almışdım, çünki coğrafiya dərsində heç mahnı oxumamışdılar. Şagird ifaya başlamazdan əvvəl mahnının sözlərindən suallar verəcəyimi dedim. Mahnıda Azərbaycanın hansı coğrafi obyektlərinin adlarının qeyd olunduğunu qeyd etmələrini və xəritədə göstərmələrini tapşırdım. Hamı diqqətlə dinlədi. Çox maraqlı dərs alındı. Sonradan həmin şagird mövzulara əvvəldən nəzər yetirib uyğun mahnılar axtarırdı. Bu onun həm coğrafiya, həm musiqi fənnindən inkişafı idi.Bu gün müəllim deyinərək sinfə daxil olursa, zamandan sui-istifadə edirsə, orada işin keyfiyyətindən danışmaq olmaz. Yalnız təhsil almaqla deyil, təbiətən müəllim olmaq lazımdır.Sonda, empatiya hissi vacibliyini vurğulayan Gözəl Azayeva müasir təhsil sistemində müəllim “istiqamətləndirən”, “bələdçi” adlandırıldığını xatırladır və qeyd edir ki, bu, yalnız dərs üçün nəzərdə tutulmayıb…Aymirə Ağamirova