Xatırlayırsızsa, İmişli təmsilçisinin prezidenti Mirheydər Səfiyev saytımıza açıqlamasında oyun yerinə - Şamaxıya gedən yolda kəskin və qarlı hava şəraiti üzündən çətinliklə üzləşdiklərini, bu üzdən təyin olunan vaxtda stadiona çata bilmədiklərini dedi. Bilindiyi kimi, AFFA İntizam Komitəsinin sonuncu iclasında verilən qərara əsasən, "Kür-Araz" 0:3 hesablı texniki məğlubiyyətlə üzləşməklə yanaşı, 400 manat cərimələndi.
Bəs, komandanın məlum səbəb üzündən stadiona gələ bilməməsini anlayışla qarşılamaq mümkün idimi? Təbiətin qəzəbinə düçar olan komandanın günahı nədi?
"Football-plus.az"ın suallarını AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov cavabladı:
"Kür-Araz"a PFL tərəfindən hansı yoldan istifadə etməyin lazım olduğu haqda xəbərdarlıq edilib. Bildirilib ki, onların Şamaxıya gəlmək istədiyi yolda problemlər var. Lakin komanda buna əməl etmədiyindən təyin edilən vaxtda oyuna gələ bilmədi. Kluba yol göstərilirsə, oyunun keçirilməsi üçün lazımi bütün tədbirlər görülürsə, müəyyən yardımlar edilirsə, tövsiyələr verilirsə, oyun niyə baş tutmamalıdı? "Kür-Araz" PFL-in tövsiyə etdiyi yolla gəlsəydi, oyun keçiriləcəkdi".
KƏNAN BAHADIR