Azərbaycanın U-21 millisinin sabiq müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2024/2025-ci illər mövsümünün 28-ci turu çərçivəsində Tirana “Dinamo”su ilə qarşılaşıb.
“Eqnatiya” doğma meydanda baş tutan bu oyundan 2:0 hesablı inamlı qələbə ilə ayrılıb. Əliyev start heyətdə meydana çıxdığı bu görüşün 90+7-ci dəqiqəsində əvəzlənib.
“Eqnatiya” 28 turdan sonra 52 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində ilk pillədə qərarlaşıb. Sözügedən komanda 28 oyunda 15 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 28 oyuna çıxıb.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 1 oyun keçirib.
“Eqnatiya” 2023/2024-ci illər mövsümündə Albaniya çempionu olub. Ötən mövsümün əvvəlində bu klub daha bir azərbaycanlı futbolçunu – Vüsal İsgəndərlini heyətinə qatsa da, o, qış fasiləsində Türkiyənin “Boluspor” komandasına keçmişdi.