“Xəzər dənizinin səviyyəsinin enməsi yalnız ekoloji deyil, həm də ciddi sosial-iqtisadi problemlər yaradır. Hidrotexniki qurğuların və limanların yenidən qurulması zərurəti yaranır ki, bu da dəniz faunasının məskunlaşdığı şelf zonalarının azalmasına gətirib çıxarır. Bundan başqa, sahil zonalarında bataqlıq tipli ərazilərin yaranması bölgənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərir”.
Bu sözləri "Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, insanların Xəzər dənizinin qorunması üçün maarifləndirilməsi kifayət qədər effektiv aparılmır:
"Dəniz bizlər üçün təbii sərvətdir və biz onun nemətlərindən istifadə ediriksə, eyni zamanda onu qorumağa da borcluyuq. "Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi bu istiqamətdə maarifləndirici tədbirləri gücləndirmək məqsədilə məktəblərdə və digər təhsil ocaqlarında maarifləndirici seminarlar keçirir. Bununla yanaşı, təşkilat Xəzər dənizinin sahilində mütəmadi təmizlik aksiyaları təşkil edir. Birliyin növbəti layihəsi "Xəzər dənizi – gələcək nəsilə əmanət" adlı tədbirlər planıdır. Bu plan çərçivəsində Xəzər dənizi ətrafındakı rayonlarda ekoloji aksiyalar, təmizləmə işləri və maarifləndirmə tədbirləri həyata keçiriləcək”.
İradə Həsənova bütün qeyri-hökumət təşkilatlarını və ictimaiyyət nümayəndələrini bu təşəbbüslərə qoşulmağa çağıraraq bildirib ki, Xəzərin ekoloji balansının qorunması ümummilli məsələdir və hər kəs bu istiqamətdə məsuliyyət daşımalıdır.
Pərvanə Fərhadqızı
QHT.az