İsmayıllının Sədyan Kəndinin yolu sakinləri çarəsiz hala salıb.
“Heftelik.az” “ATV Xəbər”ə istinadən məlumat verir ki, sakinlər nə kəndin avtomobil yolundan, nə də ki, alternativ piyada yolundan doğru-düzgün istifadə edə bilmirlər. Yollar həddən artıq kələ-kötür olduğu üçün yaşlılar və uşaqlar bu yollardan keçməkdə çətinlik çəkirlər.
Sakinlər həmçinin onu da bildiriblər ki, qış aylarında ümumiyyətlə yağış və qar yağan zaman bu yola girmək mümkün olmur. Nə uşaqlar məktəbə gedə bilirlər, nə də ki, xəstələri xəstəxanaya aparmaq mümkün olur.
Qeyd edək ki, əhalisinin sayı 350 nəfərdən artıq olan Sədyan kəndində yollar illərdir ki, bu vəziyyətdədir. Sakinlərin aidiyyatı qurumlara müraciətinə baxmayaraq onların şikayətləri cavabsız qalıb.
9 nömrəli yol istismarı MMC-nin baş mühəndisi Fazil Qasımov məsələ ilə bağlı bildirib ki, yolun 2 km hissəsi asfalt örtüklü, qalan hissəsi isə çınqıl örtüklüdür. Mühəndisin sözlərinə görə, hazırda yolun bu vəziyyətdə olmasının əsas səbəbi enişli-yoxuşlu hissələrin yağış və qar suları ilə yuyuylub getməsidir.
Məhəllədaxili yolların bərpası ilə bağlı isə F. Qasımov bildirib ki, bu sahə onların ərazisində deyil, bələdiyyənin sahəsi hesab olunur. Bələdiyyədən isə bildirilib ki, sözügedən ərazilərə baxış keçiriləcək və “bücdədə imkan olduğu təqdirdə bu yolların bərpa işləri həll olunacaq”.
Müəllif: Türkan_zadə