EN

ABŞ universitetlərində Fələstinə dəstək aksiyaları yayılır

BAKI, TurkicWorld

Nyu-York şəhərində Kolumbiya Universitetində İsrailin Qəzzaya hücumlarına etiraz olaraq yenidən keçirilən nümayişlərə polis müdaxilə edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, 30 aprel 2024-cü ildə polisin basqını ilə sona çatan Fələstinə dəstək etirazları yenidən başlayıb.

Tələbələrin oturaq aksiyasından bir neçə saat sonra universitetin Barnard Kollecində "bomba təhlükəsi" elan olunub və polis etirazçıları şəhərciyi tərk etməyə çağırıb.

Müdaxilədən sonra bir neçə etirazçı saxlanılıb. NYPD-nin X sosial media hesabında yayılan açıqlamada,

“NYPD Barnard Kollecindəki Milstein Mərkəzində bomba təhdidinə cavab verir. Bölgəni tərk etməkdən imtina edən hər kəs həbs oluna bilər. Zəhmət olmasa, ərazidən uzaq durun”. - deyə bildirib.

Fələstin tərəfdarı tələbələr İsrailin keçmiş baş naziri Naftali Bennettin kampusda iştirakına etiraz olaraq Kolumbiya Universitetinin kitabxanası qarşısında toplaşıblar.

Bu, universitetdə aprel ayında başlayan etirazların davamı kimi qiymətləndirilir. 16 aprel 2024-cü ildə tələbələr kampusun qazonunda Qəzza Həmrəylik Düşərgəsi adlı çadırlar quraraq məktəbin İsrailə dəstək verən şirkətlərə maliyyəsini dayandırmasını tələb ediblər.

Rektor Minouche Shafik etirazların ikinci günündə NYPD-dən müdaxilə tələb edib, nəticədə 108 tələbə saxlanılıb. Daha sonra 29-30 aprel tarixlərində Hamilton Hall binasında polisin müdaxiləsi ilə çadır şəhərciyi dağıdılıb və tələbələr məcburi şəkildə kampusdan çıxarılıb.

Bu etirazlar ABŞ-ın 50-dən çox universitetinə yayılıb, ümumilikdə 3100-dən çox etirazçı saxlanılıb.

Chosen
20
turkic.world

1Sources