EN

Prezidentin ayırdığı 33 milyona Naxçıvanda bu işlər görüləcək - RƏSMİ CAVAB

"Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2025-ci il  4 mart  tarixli sərəncamına əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişindaşımanın  ekoloji təmiz və təhlükəsiz elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik avtobusunun alınması və onların fəaliyyətini təmin edəcək depo və enerjidoldurma infrastrukturunun  yaradılması ilə bağlı müvafiq maliyyə vəsaiti ayrılıb".

Bu barədə Far.Az-in sorğusuna cavab olaraq "BakuBus" MMC-dən bildirilib.

Qeyd edilib ki, hazırda avtobusların satınalma və infrastrukturun qurulması ilə bağlı texniki və təşkilati məsələlər üzrə müvafiq işlərə başlanılıb:

"Layihənin icra qrafikinə uyğun olaraq, elektrik avtobuslarının Naxçıvan şəhərində sərnişinlərin istifadəsinə verilməsi 2025-ci il ərzində mərhələli şəkildə həyata keçiriləcək.

Görüləcək işlər çərçivəsində elektrik avtobuslarının fəaliyyət göstərəcəyi marşrut şəbəkəsinin optimallaşdırılması, enerjidoldurma məntəqələrinin quraşdırılması və avtobusların saxlanılması üçün müasir tələblərə cavab verən depo infrastrukturunun yaradılması nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, layihənin həyata keçirilməsi ekoloji dayanıqlılığın artırılması və iqlim dəyişikliyi ilə mübarizə tədbirləri çərçivəsində mühüm addımlardan biridir və Naxçıvan şəhərində ictimai nəqliyyatın müasir standartlara uyğunlaşdırılmasına töhfə verəcəkdir.

Suala əlavə olaraq daha dəqiq tarixlər və mərhələlərlə bağlı məlumat verilməsi üçün işlərin gedişindən asılı olaraq ictimaiyyətə mütəmadi məlumat təqdim ediləcəkdir".

Qeyd edək ki, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə 33 milyon 449 min manat vəsait ayrılıb.

Orxan Hüseyn

Chosen
8
far.az

1Sources