EN

Çempionlar Liqasında günün hesabatı: Rekordlar, ilklər

Çempionlar Liqasında (ÇL) 1/8 finalın ilk qarşılaşmalarına yekun vurulub.

İdman.biz xəbər verir ki, ikinci oyun günündə 4 matç baş tutub.

Bu görüşlər bəzi statistik məqamlarla əlamətdar olub. İFFHS günün rekordları və ilkləri bağlı hesabat hazırlayıb.

“Bavariya” – “Bayer” - 3:0

- Harri Keyn cari mövsüm ÇL-də vurduğu qolların sayını 9-a çatdırıb. Bu, ÇL dövründə ingilis oyunçuların mövsümdəki qol sayında yeni rekorddur.

- Ümumilikdə isə Keyn turnirin tarixində (1955-ci ildən Çempionlar kuboku dövrü də daxil olmaqla) bir mövsümdə 9 qol vuran ikinci ingiltərəlidir. 1956/57 mövsümündə Dennis Viollet (“Mançester Yunayted”) də eyni sayda fərqlənib.

- Keyn ÇL-də ümumilikdə 47 qolda iştirak edib: 37 qol, 10 məhsuldar ötürmə. O, “qol+assist” sayında
Ueyn Runiyə çatıb. İngiltərəli futbolçulardan yalnız Devid Bekhem daha yüksək göstəriciyə (52) malikdir.

- Keyn ardıcıl 3-cü mövsüm klubunun heyətində “30+” qol vurub. O, 2022/23-də “Tottenhem”lə, sonrakı iki mövsümdə “Bavariya”da bunu bacarıb. Keyn karyerasında 7-ci dəfə 30 qol səddini fəth edib.

- Harrinin bunu etdiyi ilk mövsümdən bəri (2014/15) sonrakı dövrdə yalnız Robert Levandovski “Böyük beşlik” klubları üçün daha çox mövsümdə - 9 dəfə “30+” qola sevinib.

PSJ – “Liverpul” – 0:1

- PSJ-nin bütün turnirlər nəzərə alınmaqla 22 oyunluq məğlubiyyətsiz seriyası başa çatıb: 18 qələbə, 4 heç-heçə.

- PSJ-nin son 10 məğlubiyyətindən 9-u ÇL-də olub.

- PSJ ÇL-də “Park de Prens” stadionunda xarici komandalara qarşı keçirdiyi ardıcıl 9-cu matçda da fasiləyə qol vurmadan yollanıb. Bu görüşlərin ilk yarısında 1-dən artıq qol da vurulmayıb.

- “Liverpul” PSJ-dən 25 zərbə az vursa da (2-27), rəqibini məğlub edib. Bu, zərbələrin hesablanmağa başladığı 2003/04 mövsümündən sonrakı dövrdə 2021-ci ilin aprelində “Bavariya”nın PSJ-yə qarşı matçından sonra ikinci göstəricidir.

- ÇL-in pley-off mərhələlərində qol vurmadan ən çox zərbə ednrilən iki matç PSJ-nin hesabındadır. 2023/24 mövsümünün yarımfinalında “Borussiya” D ilə görüşdə 30 zərbə qolsuz bitib.

- PSJ-nin ÇL-in pley-off mərhələlərində əcnəbi komandalara qarşı matçlardakı son 72 zərbədən heç biri tora daxil olmayıb.

- PSJ həm də ÇL-in son 8 mövsümündə pley-off mərhələsində hədəfə 10 zərbə vuran və tora yol tapa bilməyən ilk komandadır.

- Alissonun PSJ-yə qarşı etdiyi 9 seyv “Liverpul”un qapıçıları üçün ÇL rekordudur. O, özünün klub karyerasının da rekorduna imza atıb.

- Harvey Elliott əvəzetmə ilə meydana daxil olduqdan 46 saniyə sonra qol vurub. Bu, cari mövsüm ÇL-də ikinci ən sürətli qoldur. Ademola Lukman “Atalanta”nın “Brügge” ilə matçında 35 saniyədən sonra fərqlənib. Elliott “Liverpul”un əvəzetmədən sonra vurduğu ən erkən qoldur.

- Markinyoş PSJ ilə 102-ci ÇL oyununu keçirib. O, eyni Fransa klubundakı matç sayında rekorda imza atıb. Braziliyalı müdafiəçi “Marsel”lə 101 ÇL görüşünə çıxan Stiv Mandandanı geridə qoyub.

"Benfika" - "Barselona" - 0:1

- ÇL tarixində ilk dəfə bir komanda (“Barselona”) “69+” dəqiqə azlıqda oynamasına baxmayaraq səfərdə qalib gəlib. Əvvəlki rekord 2018-ci ildə Valensiyada (qrup mərhələsində) Kristiano Ronaldonun meydandan qovulmasından sonra 62 dəqiqə azlıqda qalmaqla qalib gələn "Yuventus"a məxsus idi. Maraqlıdır ki, hər iki halda qalib gələn tərəfin qapıçısı Voytseh Şensnı olub.

- Çempionlar kuboku dövrünü (1955-1992) də nəzərə alsaq, “Barsa” bir dəfə (1991-ci ildə “Kamp Nou”da “Sparta” ilə 3:2) 73 dəqiqə (Gillermo Amorun qırmızısından sonra) azlıqda oynayaraq qalib gəlib.

- Şensnı “Benfika” ilə oyunda 8 seyv edib. Bu, seyvlərin hesablanmağa başladığı 2003/04 mövsümündən indiyədək “Barselona”nın qapıçıları üçün qol buraxmadıqları oyunlarda ÇL-in rekordudur.

- Bütün turnirlər nəzərə alınmaqla "Barselona"nın heyətində ilk qırmızı vərəqəsini alan Pau Kubarsi ÇL-in pley-off matçında belə cəza görən ən gənc oyunçudur - 18 yaş 42 gün. O, turnirin əsas mərhələlərində Selestin Babayarodan sonra (1994-cü ildə qrup mərhələsində 16 yaş 86 gündə meydandan qovulmuş) qırmızı vərəqə alan 2-ci ən gənc futbolçudur.

- Rafinya “Borussiya”nın futbolçusu Serj Quirassi (10 qol, 3 asist) kimi 13 qolda iştirak edib - 9 qol, 4 assist. Onlar mövsümün liderləridir.

- Rafinya “qol+assist” sayında Kaka ilə birlikdə (2006/07-də "Bavariya" üçün 13) braziliyalılar üçün 2-ci göstəriciyə şərikdir. Yalnıız Roberto Firmino (2017/18-də "Liverpul" üçün 17) daha yaxşı nəticəyə imza atıb.

- İkinci dəfə “Barselona”nın iki futbolçusu eyni mövsümdə ÇL-də “9+” qol vurub. Buna Robert Levandovski və Rafinya imza atıb. 2014/15-də Lionel Messi və Neymar belə məhsuldarlıq göstərib.

- Cari mövsümdə ÇL-də “Barselona”nın yaşı 18 və ya daha az olan 16 futbolçusu meydana çıxıb. Bu, turnirin rekordudur. 1994/95-də “Ayaks”da 15 belə oyunçu olub.

“Feyenoord” – “İnter” - 0:2

- “İnter” ÇL-in 2024/25 mövsümündə matçlarının 89%-də qapısını toxunulmaz saxlayıb – 9 oyundan 8-də. Bu, ÇK/ÇL-in tarixində bir mövsümdə minimum 5 oyun keçirən komandalar üçün ən yüksək göstəricidir. “İnter” bu mövsüm ÇL-də 9 matçda cəmi 1 qol buraxıb.

- “İnter” Simone İnzaqinin rəhbərliyi altında ÇL oyunlarının 60,5%-də qapısını toxunulmaz saxlayıb – 38 matçdan 23-də. Bu, yarışda 30-dan çox oyun keçirən baş məşqçilər üçün rekorddur.

- Lautaro Martines "İnter"in heyətində ÇK/ÇL-də ən çox qol vuran futbolçu adına sahib çıxıb. O, 17 dəfə fərqlənən Sandro Matsolanı qabaqlayıb.

- Timon Vellenreuter Niderland klublarının heyətində ÇL-in bir mövsümündə (penaltilər seriyası istisna olmaqla) iki penalti dəf edən ilk qapıçıdır. O, 2024-cü il oktyabrın 2-də Bojan Miovski (“Jirona”), dünən Pyotr Zelinskinin (“İnter”) sevinməsinə əngəl olub.

- Cayland Mitçell cari mövsüm “Feyenoord”da ÇL matçına çıxan 25-ci oyunçudur. Bu, mövsüm üçün ən yüksək göstəricidir.

- Robin van Persi 1978-ci ildən sonra “Feyenoord”dakı işinə iki qolsuz oyunla başlayan ilk baş məşqçidir. 47 il əvvəl Vatslav Jezekin də debütü belə uğursuz olub.

İdman.biz

Chosen
40
idman.biz

1Sources