EN

Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm amili barədə məlumatlandırılıb

Quba, 6 mart, Elxan Yusifli, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” mövzusunda keçirilən XVI Beynəlxalq Multikulturalizm Məktəbi Qubada işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, XVI Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Bolqarıstan, Braziliya, Serbiya, Rumıniya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, İraq, Moldova, Türkiyə, Yaponiya, Polşa, Cənubi Koreya, Zimbabve, Çin, Yəmən, Pakistan, Mərakeş və Mozambikdən olan 25 tələbə iştirak edir.

Martın 6-da iştirakçılar “Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm amili” mövzusunda mühazirə dinləyiblər. Mühazirəni Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri İrina Kunina təqdim edib. O, çıxışında bildirib ki, multikulturalizm sosial ədalət, mədəni və dini tolerantlıq, bölgədə sabitliyin qorunması baxımından vacibdir. Azərbaycan tarix boyu fərqli millətlərin, dini konfessiyaların bir arada yaşadığı və mədəni əlaqələrin inkişaf etdiyi məkan olub. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində təbliğinin əsaslarını ölkənin dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. İrina Kunina vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev multikulturalizmi Azərbaycanda dövlətçilik ideologiyasına çevirib. Ulu Öndər Azərbaycanda tolerantlıq mədəniyyətinin qorunmasında və ümumilikdə bu sahədə böyük islahatların aparılmasında əvəzsiz rol oynayıb. Multikulturalizm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınmasına mühüm töhfə verir.

Mühazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, XVI Beynəlxalq Multikulturalizm Məktəbi martın 10-dək davam edəcək. İştirakçılar müxtəlif mövzularda mühazirələr dinləyəcəklər.

Məktəb çərçivəsində “Öz xalqını təqdim et” adlı musiqili axşamlar da təşkil olunacaq. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verəcəklər.

Chosen
31
azertag.az

1Sources