EN

Hindistan Ukraynadakı müharibənin dayandırılmasında vasitəçi ola bilərmi? - ŞƏRH

"Foreign Policy" nəşri yazır ki, ABŞ prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında ötən həftə Oval kabinetdə baş vermiş mübahisə, eləcə də Kiyevə hərbi yardımın dayandırılması Ukrayna üçün uğursuzluq sayılsa da, Hindistan üçün diplomatik imkan yarada bilər.

HİT.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Hindistanın diplomatik tərəfdaşlıqlarının xarakterini nəzərə alaraq, bu ölkə hazırda Rusiya-Ukrayna müharibəsində vasitəçi olmaq potensialına malik nadir dövlətlərdən biridir. Hindistanın ABŞ və Avropa ilə isti münasibətləri, Ukrayna ilə dost əlaqələri və ən əsası, Rusiya ilə dərin və qədim tərəfdaşlığı var.

Hindistan heç vaxt Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini açıq şəkildə tənqid etməsə də, müharibənin bitməsi ölkə üçün önəmlidir. Çünki Hindistanın iqtisadiyyatı bu müharibədən faydalanmır və müharibə nə qədər uzansa, Rusiya Çindən – Hindistanın strateji rəqibindən – bir o qədər asılı hala gələcək. Eyni zamanda, müharibənin davam etməsi Rusiyanın Dehliyə silah tədarükü qabiliyyətini zəiflədə bilər.

"Foreign Policy" xatırladır ki, Hindistanın baş naziri Narendra Modi dəfələrlə müharibənin dayandırılmasına çağırıb. O, ötən il Varşavaya səfəri zamanı Ukrayna prezidentinə bu məsələyə dəstək verməyə hazır olduğunu bildirib.

Lakin məqalədə vurğulanır ki, Hindistanın bu prosesdə rəsmi vasitəçi kimi iştirak etməməsi üçün əsaslı səbəbləri var. Ölkə öz münaqişələrində, xüsusilə Pakistanla Kəşmir məsələsində vasitəçiləri qəbul etmir. Buna görə də Yeni Dehlinin rəsmi dəvət olmadığı təqdirdə vasitəçilik rolunu üzərinə götürmək istəməyəcəyi ehtimal olunur. Bundan əlavə, bəzi Avropa dövlətlərinin atəşkəslə bağlı təşəbbüslər irəli sürməyə hazırlaşdığı müşahidə edilir.

Buna baxmayaraq, Hindistan qeyri-rəsmi vasitəçi kimi Avropa və digər ölkələrin sülh təşəbbüslərinə dəstək verməklə faydalı ola bilər.

Məqalədə bildirilir ki, Modi diplomatik görüşlər zamanı vasitəçilik təşəbbüslərini irəli sürə bilər. Modi növbəti iki ay ərzində Vladimir Putinlə iki dəfə görüşməyi planlaşdırır. O, ötən ilin dekabrında Rusiya liderini 2025-ci ilin əvvəlində Hindistana səfərə dəvət edib və bu görüşün dəqiq tarixi yaxın günlərdə açıqlana bilər. Eyni zamanda Modinin may ayında Moskvaya səfəri gözlənilir. Hindistanın Rusiyadan ən böyük silah və enerji alıcısı statusundan istifadə edərək Modi bu görüşlərdə Putinə münaqişənin nizamlanmasının vacibliyini vurğulaya bilər.

Moskvaya səfərdən sonra Modinin Zelenski ilə də görüşəcəyi ehtimal olunur. Hindistanın Ukrayna ilə münasibətləri Rusiya ilə müqayisədə daha zəif olsa da, Modinin 2024-cü ilin avqustunda Kiyevə səfəri müstəqil Ukrayna tarixində ilk belə səfər olub.

Bundan əlavə, Modi ilin sonuna qədər baş tutacaq BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və "Böyük iyirmilik" sammitlərində iştirak edərək, bu platformalarda da sülh təşəbbüslərini davam etdirə və Rusiya və Ukrayna liderləri ilə apardığı danışıqların nəticələrini ABŞ və Avropa tərəfdaşları ilə bölüşə bilər.

Nəticə olaraq, Ukraynada sülh təşəbbüslərinə Avropa və ABŞ-ın rəhbərlik edəcəyi gözlənilir. Lakin Hindistan da öz əlverişli diplomatik mövqeyindən istifadə edərək müharibənin dayandırılması yolunda irəliləyişə töhfə verə bilər, — deyə "Foreign Policy" məqaləsində yekun vurulub.

Samir
 

Chosen
27
hit.az

1Sources