EN

"Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə motivasiyadı" - Nərgiz Qurbanova

Qadınlardan ibarət U-17 millimizin baş məşqçisi Nərgiz Qurbanova martın 12-18-də Bakıda təşkil olunacaq Avropa çempionatının 2-ci seçmə mərhələsinin qrup oyunları barədə danışıb.

"Football-plus.az" xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında B Liqasının B qrupundakı ilk rəqibləri olan Lüksemburq yığmasını yaxşı tanıdıqlarını söyləyib:

“İlk oyundakı rəqibimiz Lüksemburq artıq bizə tanışdı. Ötən Avropa çempionatının seçmə mərhələsində onlarla qarşılaşmışdıq. Həmin matçı təhlil etdik və səhvlərimizin üzərində işlədik. Bu dəfə daha yaxşı çıxış etməyə çalışacağıq”.

Baş məşqçi qrupun favoritini də açıqlayıb:

“Bolqarıstan yığması qrupun favoritidi. Çünki onlar sonuncu dəfə A Liqasında çıxış edib, Fransa kimi komanda ilə heç-heçəyə nail olublar. Həmçinin Malta da yaxşı rəqibdi. Qrupumuzdakı hər üç matça ciddi hazırlaşmaq lazımdı. Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə motivasiyadı. Azarkeşlərimizin dəstəyi altında doğma meydanda oynamağımızın bizə müsbət təsir göstərəcəyinə inanıram”.

Qeyd edək ki, U-17 millimiz martın 12-də Lüksemburq, 15-də Bolqarıstan, 18-də isə Malta yığması ilə qarşılaşacaq. Hər üç görüş “ASCO Arena”da keçiriləcək.
Chosen
13
13
football-plus.az

10Sources