EN

ADA Universitetinin əcnəbi tələbəsi: Azərbaycanda təhsil almağı başqalarına da tövsiyə edərdim - MÜSAHİBƏ

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycanda ali məktəblərin təqdim etdiyi bir sıra proqramlar xarici ölkələrdən olan gənclərin də diqqətini cəlb edir. Belə ali təhsil müəssisələrindən biri də ADA Universitetidir. 2024-2025-ci tədris ilində bu ali təhsil müəssisəsinə 18 ölkədən 92 xarici tələbə qəbul edilib. Ümumilikdə isə ADA Universitetində 49 ölkədən əcnəbi tələbələr təhsil alır. Universitetin informasiya texnologiyaları və mühəndislik fakültəsində təhsil alan çexiyalı tələbə Voytex Yunek AZƏRTAC-a müsahibəsində ADA-da olan təhsil mühiti və Azərbaycan barədə təəssüratlarını bölüşüb. Müsahibəni təqdim edirik.

- Əvvəlcə özünüzü qısaca təqdim edərdiniz.

- Mənim 25 yaşım var. Praqadan gəlmişəm.

- Necə oldu ki, ADA Universitetini seçdiniz?

- Dünyanın bu hissəsi mənə çox maraqlı gəlirdi. Bu yerləri kəşf etmək istəyirdim. Azərbaycanın adət-ənənələri mənə maraqlı gəlirdi. Buna görə də yolum ADA vasitəsilə Azərbaycana düşdü.

- İnformasiya texnologiyaları və mühəndislik ixtisasına marağınız nə ilə bağlıdır?

-Uşaq vaxtından kompüter oyunlarını çox sevinirdim. Ona görə də informasiya texnologiyaları ixtisasını seçdim.

Qeyd edək ki, müsahibimiz ADA Universitetində Erasmus+ proqramı çərçivəsində təhsil alır. O, həmçinin Kompüter elmləri üzrə özəl ali məktəbinin və “Samsung Your Chance” proqramının məzunudur. O, informasiya texnologiyaları və dizayn sahəsində yenilikləri öyrənməyi xoşlayır.

-İnformasiya texnologiyaları sahəsinə aid layihələrdə iştirak edirsinizmi, startapınız varmı?

-Çexiyada olanda Praqada bir sıra startaplarda iştirak etdim. Azərbaycanda da Praqa ilə bağlı şirkətlərdəki startap layihəsində iştirak etmişəm.

-Gələcək karyeranızı necə planlaşdırırsınız?

-Təhsilimi daha sonra magistraturada eyni ixtisas üzrə davam etdirəcəyəm.

-Boş vaxtınızı necə keçirirsiniz?

-Üç aydır ki, buradayam. Boş vaxtımı dostlarımla keçirirəm. İdmanla da məşğul oluram. Səyahət edirik. Qobustanda olmuşam. Boş vaxtım olanda Azərbaycanı daha yaxından öyrənməyə çalışıram.

-İnformasiya texnologiyaları sahəsində oxuyan həmyaşıdlarınıza nə məsləhət görərdiniz?

- Məsləhət görərdim ki, öz üzərlərində işləsinlər. Eyni zamanda, süni intellektdən düzgün istifadə etməyi bacarsınlar.

-Əcnəbi tələbələrə Azərbaycanda təhsil almağı tövsiyə edərdinizmi?

-Dediyim kimi, üç aydır ki, buradayam. ADA Universitetində təhsil səviyyəsi çox yaxşıdır. Azərbaycanda təhsil almağı başqalarına da tövsiyə edərəm.

- Azərbaycanı üç sözlə necə təsvir edərdiniz?

-Adət-ənənə, genişürəkli insanlar və külək.

Chosen
5
1
azertag.az

2Sources