EN

İranın Ermənistanla strateji razılaşması Cənubi Qafqazda dəyişiklik yaratmayacaq- Elşad Həsənov- ÖZƏL

İranın  Azərbaycan və Türkiyənin  Zəngəzur dəhlizi ilə bağlı planlarını neytrallaşdırmaq üçün Ermənistanla strateji razılaşma əldə etmək istəyi ilə  bağlı    politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, İranın Cənubi Qafqazda gücünün artması bir xülyadır:
"İkinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatın  9-cu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək  Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur. Ancaq  Ermənistan rəhbərliyi bu razılaşmaya əməl etmədi. Sonra bu məsələyə İran qoşuldu ki, həmin yerdən dəhlizin açılması İranın qırmızı xəttidir. Bu zaman Azərbaycan  gördü İran və Ermənistan buna etiraz edir,  Naxçıvana İran üzərindən yeni bir yol açdı, körpülər tikildi. Həmin vaxt  Amerika prezidenti Co Baydenin dövründə ABŞ dövlət katibinin müavini  Azərbaycana və Ermənistana gəldi və bildirdi ki, bu yol açılmalıdır. Bu yol təkcə Azərbaycanın  mərkəzi  ilə   Naxçıvan arasında yox, həm də şərqə böyük bir qapıdır. Yolun açılmasını Rusiya da istəyir. Rusiya - Ukrayna müharibəsi başlayandan  bəri Qərbin təsirinə məruz qalan Rusiya üçün bu yol sanki bir nəfəslikdir. 9-cu bənddə qeyd olunur ki, yolun təhlükəsizliyinə Rusiyanın Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları nəzarət edəcək. Ermənilər buna etiraz etdilər və yolun təhlükəsizliyini təmin etmək üçün Paşinyanın sərəncamı ilə Ermənistanın təhlükəsizlik xidmətində yeni bir idarə yarandı. Ancaq bu da kağız üzərində qaldı və  yolun açılması məsələsi yubadıldı. İranla Rusiya arasında keçən il hərtərəfli strateji saziş imzalandı. Bu saziş də heç nəyi dəyişmədi. Yenə Rusiya İrandan istifadə edir, İranla bağlı Amerika ilə danışıqlar aparır. Hesab edirəm ki, lazım gələndə Rusiya İrana heç bir strateji kömək etməyəcək, İranın tərəfini saxlamayacaq. Son dövrdə geosiyasi həyatda maraqlı hadisələr baş verir.  Tramp hakimiyyətə gəldikdən sonra geostrateji maraqlar dəyişib. Hesab edirəm ki, yaxın zamanlarda Tramp Rusiya- Ukrayna münaqişəsini nizama saldıqdan sonra onun qarşısında duran əsas məsələ İrandaki bu proqramının yerinə yetirilməsidir.  Bunun üçün də Rusiya ilə danışıqlar aparılır. Fevralın 18-də Səudiyyə Ərəbistanında keçirilən görüşdə bu barədə söhbət aparıldığı haqqında  məlumatlar verilir. Tramp hakimiyyəti İsrailə ciddi dəstək göstərir, onlara ağır tonlarda raket bombaları verir. Həmin bu raketlər  İranın  nüvə obyektlərinin vurulması üçündür. Hazırda İranın  nüvə silahı tərtib edəcəyi bildirilir. Düşünürəm ki,  birinci yarımildə İran əgər bu nüvə proqramından əl çəkməsə  Amerika İsraillə birlikdə İranın nüvə obyektlərinə təsirlər endirəcək .​İranın ali dini idarəçisi də Amerika ilə danışıqlar aparmaq istəmir və özü onlara qarşı bir cəbhə açmaq istəyir. Bunun üçün onlar həm Rusiya , həm də Çinlə müəyyən danışıqlar aparırlar. Ancaq görünən odur ki , İran son zamanlar çox zəiflədi, beynəlxalq güclərin qarşısında həm Həması, Hizbullahı uduzdu, həm Suriyadan vurub çıxardılar və bu gün də Yaxın Şərqdə gücünü itirən İran Cənubi Qafqazda güclənmək istəyir, öz təsirini artırmaq istəyir.  Ancaq onu da unutmaq lazım deyil ki, Cənubi Qafqazda lider ölkə  Azərbaycandır. Azərbaycanın istəyi olmadan İran Cənubi Qafqazda öz siyasətini yürüdə bilməz . Azərbaycanın da ən yaxın tərəfdaşı, silahdaşı Türkiyədir və  Türkiyə də Cənubi Qafqazda söz  sahibidir. Ermənistan da son zamanlar Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir.  Nəzərə almaq lazımdır ki, Türkiyə həm də NATO ölkəsidir. Bu istiqamətdə  İran gizlincə  və açıq şəkildə Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir, hətta gizlin görüşlər keçirirlər. Ancaq buna baxmayaraq, Türkiyə Azərbaycanın mövqeyini daim dəstəkləyib və bu gün də dəstəkləyir. Hesab edirəm ki, yaxın zamanlarda İranın  Cənubi Qafqazda gücünün daha da artması bir xülyadır. Bəli, İranla Ermənistan arasında münasibətlər yaxşıdır. Paşinyan da  çıxışında bildirdi ki,  İrana qarşı Ermənistan heç nə etməyəcək. Ermənistan əgər bir problem yaransa, təbii ki, İranı da qoyub qaçacaq.  Çünki indiyə qədər onu saxlayan, böyüdən, yetişdirən Rusiyaya təpki göstərirsə, bu təpkini İrana da çox asanlıqla göstərə bilər. Ona görə də  Ermənistanın İranla münasibətlərində  yaxınlaşmanın olması, onların hərtərəfli strateji müttəfiqlik imzalaması Cənubi Qafqazda heç nəyi dəyişdirməyəcək. Cənubi Qafqazda vəziyyət yaxın zamanlarda dediyim kimi, Rusiya -Ukrayna müharibəsi bitəndən, Rusiya -Amerika danışıqlarından sonra məlum olacaq. Əgər Tramp Cənubi Qafqazda öz maraqlarını artırmaq istəsə, o zaman burada siyasət yenə də başqa cür olacaq. Yaxud da Cənubi Qafqazı Rusiyanın nəzarətinə versə, yenə də vəziyyət dəyişəcək. Yəni İranın burada mütləq hakim olmağı alınmayacaq. Hesab edirəm ki, qarşıdakı vaxtlarda bu danışıqlar, yəni Zəngəzur dəhlizinin açılması bir daha ortaya gələcək. Hesab edirəm ki,  ən sonunda bu dəhliz açılacaq. Bu yöndə də Azərbaycan prezidenti İlham Əliyev martın 5-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı  bildirdi ki,  Qərbi Zəngəzurun 100 il bundan qabaq Sovet hökuməti tərəfindən alınıb Ermənistana verilməsi məhz Azərbaycanı iki yerə böldü. Naxçıvan ayrıca qaldı. 30 illik işğal dövründə də onlar Naxçıvana qarşı təsir göstərmək istədilər, Naxçıvanı da işğal etmək istədilər, ancaq buna nail ola bilmədilər və hesab edirəm ki bundan sonra da Azərbaycan və Türkiyənin birgə səyi nəticəsində və Rusiyanın təsiri ilə o dəhliz açılacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
olaylar.az

1Sources