EN

Kökdən gələn bağlılıq...- tarixçi Dilavər Qurbanov yazır

Tarixə qısa bir nəzər...

Vətən müharibəsi Azərbaycan xalqının və dövlətçiliyinin tarixində 1993-cü ildən aparılan çevik diplomatiyanın, hərbi islahatların, iqtisadi siyasətin məntiqi nəticəsi kimi yadda qaldı. Hər dəfə dünya tarixində həll olunmayan milli münaqişələrdən danışılanda Qarabağın da adı çəkilirdi. Böyük güclər isə münaqişənin həllinin deyil, davam etməsinin tərəfdarı idilər. Ən yaxşı halda orta qızıl xətti saxlamağa çalışırdılar. Müharibə kimin dost, kimin düşmən olduğunu açıq-aydın göstərdi. Müstəqilliyimizin ilk günündən Pakistan İslam Respublikası bizə nə qədər yaxın olduğunu sübut etdi. Pakistan dövləti bu günə qədər bədnam qonşumuzu bir dövlət kimi tanımır və onunla heç bir diplomatik əlaqə qurmur. Bundan başqa, Pakistan Senatı Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. Etnik müxtəlifliyə malik olan Pakistan nüvə silahına sahib yeganə müsəlman ölkəsidir. Pakistan və Azərbaycan dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri dövlət və xalqlarımız arasında münasibətlərin hansı səviyyədə olduğunu bütün dünyaya göstərir. Bütün bunların əsası Ulu Öndər tərəfindən qoyulmuş və uğurla davam etdirilən, uzun illərə hesablanmış dövlət siyasətinin məntiqi nəticəsidir.

Pakistanın ərazisi 1948-ci ilədək Britaniya imperiyasının tərkibində olub. XX əsrin əvvəllərində ölkəni Bombey qripi və taun xəstəliyi bürüyüb. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev buradakı müsəlmanlara yardım edib. Sonuncu ingilis əsgəri buranı tərk etdikdən sonra Pakistan dövləti qurulub. Dövlətin qurucusu Məhəmmədəli Cinnəni "millət atası" adlandırırlar. Tarixi faktlar sübut edir ki, soydaşlarımız burada mədəniyyətin, dövlətin formalaşmasında yaxından iştirak edib, Pakistan dövləti yarandıqdan sonra yüksək vəzifələrdə çalışıblar. Məsələn, Pişəvər Ali Məhkəməsinin baş hakimi Əli Qızılbaşi, Pakistanın üçüncü prezidenti (1969-1971) Ağa Məhəmməd Yəhya xan etnik azərbaycanlıdır. Soydaşlarımızın həmin ərazilərə iki böyük köçü olub. Onlardan biri Nadir şah Əfşar, ikincisi isə daha əvvəl Səfəvilər dövrünə aiddir.

Orta əsrlərdə qərbdə Osmanlı, Səfəvi, Teymuri kimi güclü imperatorluqların qarşısında duruş gətirə biləcək elə bir qüvvə yox idi. Avropalılar başa düşürdülər ki, türkün qılıncından onları yalnız türkün özü qoruya bilər. Belə də oldu, Qərbin ikiüzlü siyasəti baş tutdu. Çaldıran, Ankara, Tərcan döyüşləri bu siyasətin məntiqi nəticəsidir. Bu vurhavurda yalnız bir dövlət qardaşları ilə dostluq əlaqələri qurdu. Bu, Hindistanda qurulmuş Babur türk imperatorluğu idi. Onun qurucusu Zəhirəddin Mahmud Babur 14 fevral 1483-cü ildə Fərqanədə doğulub. Baburun atası Omar Şeyx Teymurun, anası Qutluq Nigar xanım isə Çingizin nəvəsidir. İki böyük cahangirin qanını daşıyan Babur şah qısa həyatında gördüyü böyük işlərlə onlara layiq olduğunu isbat etmişdir. Fərqanə hökmdarı Ömər Şeyx 1494-cü ildə öldükdən sonra onun yerinə böyük oğlu Babur keçir. Baburun bu zaman on bir yaşı var idi və qohumları tərəfindən taxtdan salınır. Özünə sadiq bəylərlə 1504-cü ildə Kabilə gedir. Baburun ən böyük qəhrəmanlığından biri 1526-cı ildə 13 minlik qoşunuyla İbrahim Luidinin 100 min əsgəri, 1000 fildən ibarət ordusunu Panipat döyüşündə məğlub etməsidir. Osmanlı ilə qardaşlıq və dostluq bu üstünlüyü ona vermişdi. Osmanlı türklərindən zabit Mustafa Ruminin başçılıq etdiyi topçu birliyi vardı. Babura qələbəni qazandıran da bu birlik oldu. Bu döyüşdə Dehli sultanı İbrahim Ludi öldürüldü. Bundan sonra Dehliyə girən Babur 1526-cı ildə Hind-Türk imperatorluğunu qurdu. Birinci Moğol imperatoru bag-bağçanı çox sevərmiş. Hindistanda yaxşı bağlar saldırmış, Yaxın Şərqdən bura üzüm, qovun gətirmişdilər. Babur, eyni zamanda yazıçı, şair, alim idi. O, Babur xətti adlanan bir yazı növü icad etmişdi. Hindistanda Orta Asiya türkcəsini rəsmi dil elan etmişdi. Baburun misilsiz əsəri olan "Baburnamə"ni türk tarixinin bütün zamanlarının ən dəyərli xatirat əsəri adlandırırlar. 1530-cu ildə Aqrada ölsə də, Kabildə dəfn edilib. 1646-cı ildə nəvəsi Şahcahan onun qəbri üzərində möhtəşəm bir türbə tikdirib. Babur öldükdən sonra dövlətin daxilində vəziyyət çətinləşdi. Bu dəfə də türkün köməyinə yenə də türk gəldi. Belə ki, 1510-cu ildə Şeybaniləri Mərv döyüşündə məğlub edən Şah İsmayıl Səfəvi dövlətinin sərhədini cənub-şərqdə Moğol dövlətinə çatdırdı. Səfəvilər I Şah İsmayılın dövründə Baburla dostluq münasibətləri yaratmışdılar. 1530-cu ildə taxta çıxan Baburun oğlu Humayun Sur dövlətini qurmağa çalışan Şirxan tərəfindən məğlub edilir.

Hakimiyyətdən salınan Hümayın arvadı, qulluqçusu və 40 etibarlı adamı ilə təqibdən yaxa qurtarmaq üçün səfəvilərə sığınır. I Şah Təhmasib tərəfindən mehribanlıqla qarşılanır. Hümayun Azərbaycanda olduğu vaxt Təbriz və Ərdəbili gəzir. Şəhər əhalisi möhtərəm qonağı böyük təmtəraqla qarşılayır. Hümayun Ərdəbildə Şeyx Səfiəddinin türbəsi qarşısında baş əyir. Şah Təhmasib Budaq xan Qacar, Şahverdi bəy Ustacı başda olmaqla on iki min nəfərlik qızılbaş ordusunu Hümayunun sərəncamına verir. Hümayun isə öz növbəsində həmin hərbi yardımla Hindistana yola düşür və düşməni Şirxanı darmadağın edib taxt-tacı qaytarır. Moğol şahı bu köməyin müqabilində Səfəvi-Moğol münasibətinə soyuqluq gətirən hər il 40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə gedir. Hümayun şah 1556-cı ildə kitabxanasının yüksək rəflərindən kitab götürmək istəyərkən nərdivandan yıxılıb ağır yaralanır. Bu zaman Bədəxşanda əfqanlar qiyam qaldırırdılar. Vəziyyətin ağırlığını görən şah sarayında qonaq olan Osmanlı dəniz kapitanı Seydi Əli Rəis şahın ölümünü gizli saxlayır. Əkbər Bədəxşanda qiyamı yatırdıqdan sonra 1556-cı ildə on dörd yaşında taxta çıxır və 49 il səltənəti idarə edir. Əkbər şah xalqın dövlət üçün deyil, dövlətin xalq üçün var olduğunu hamıya başa salır. Əkbər şah ağıllı dövlət başçısı, qüdrətli sərkərdə idi. 1552-1562-ci illər hərbi səfərləri zamanı Pəncab və Kabili öz dövlətinə birləşdirir. Əsrin sonlarına yaxın isə Benqaliyanı, Kəşmir və Dekanı tutur. Əkbər şah müsəlman idi. Sünnilik ruhunda tərbiyə almışdı. Sonra isə başqa məzhəblərə asanlıqla qarışan şiəliyə üstünlük verir. Aydındır ki, onun təbəələrinin çoxu hindus idi. Bunlar arasında qızıl xətti tapmaqda Əkbər şah çox da çətinlik çəkmir. 1562-ci ildə hindus Racput sülaləsindən bir qadınla evlənir. Bütün dinləri azad elan etsə də, cinayətkarlar müsəlman dininin qanunları ilə mühakimə edilirlər.

Əkbər şah 1603-cü ildə xəstələnir və nitqi tutulur. Oğlu Cahangiri çağıraraq ona öz əliylə qılınc qurşayır, hökmdarlıq sarğısını başına qoyur. 1605-ci ildə isə dünyasını dəyişir. Orta əsrlərin sonuna yaxın dünya ağalığı uğrunda türklərin türklərlə mübarizəsi ən qanlı həddə çatmışdı. Onlar arasında qardaş qırğını gedən vaxt İngiltərə, Fransa, Hollandiya Şərqdə rahatlıqla müstəmləkələr ələ keçirirdi. Bu mənada Hindistan uğrunda mübarizə daha qanlı idi. Nəhayət, İngiltərə Hindistanın tam sahibinə çevrildi.

Bu gün Hindistan tarixini zənginləşdirən tarixi memarlıq abidələri türk hökmdarlarının sifarişi ilə tikilib. "Qütb minar", "Qüvvət-ül-İslam", "Tac-Mahal" belə abidələrdəndir. Qərbdən isə heç nə qalmayıb. Üç yüz ilə qədər Avropa iqtisadiyyatı Şərqin talan edilməsi hesabına inkişaf etdi, abad ölkələrə çevrildi. Nehru yazır ki, avropalılar Asiyaya və onun xalqlarına xor baxıb, əllərinə keçəni talayıb aparıblar.

Dilavər QURBANOV,

Ağstafa şəhər texniki humanitar təmayüllü liseyin tarix müəllimi,

qabaqcıl təhsil işçisi.

Poliqon.info

Chosen
23
poliqon.info

1Sources