EN

Kiyevə silah tədarükü bərpa olunacaqmı?

Rəsmi Vaşinqton bununla bağlı şərtini açıqlayıb

ABŞ və Ukrayna liderlərinin Ağ Evdə görüşündən sonra Donald Trampın Kiyevə hərbi yardımın dayandırılması barədə qərarı qarşı tərəfi çətin vəziyyətə salıb. Müharibə şəraiti yaşayan Ukraynanın Vaşinqtonun dəstəyindən məhrum olması onun üçün yaxşı heç nə vəd etmir. Ona görə də, bir neçə gündür rəsmi Kiyev Vaşinqtonla məlum danışıqları bərpa etməyə çalışır.

Nümayəndə heyətləri görüşəcək

Artıq Ukrayna və ABŞ nümayəndə heyəti yaxın vaxtlarda görüşə dair razılığa gəlib. Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak teleqram sosial səhifəsində məlumat verib. “Mənim ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals ilə telefon danışığım olub və ədalətli, davamlı sülhə doğru gələcək addımları müzakirə etdik”, - deyə Yermak bildirib. Həmçinin Ukrayna ilə ABŞ arasında ikitərəfli münasibətlər çərçivəsində təhlükəsizlik məsələləri və mövqelərin əlaqələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. “Biz bu vacib işi davam etdirmək üçün yaxın gələcəkdə komandalarımızla görüşmək barədə razılığa gəldik” - deyə A.Yermak vurğulayıb.

Bu faktı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals da təsdiqləyib. O, Ağ Evdə jurnalistlərə bildirib ki, ABŞ hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini yenidən dəyərləndirir: “Biz bir addım geri çəkildik və ara verdik. Hazırda bu münasibətlərin bütün aspektlərini yenidən gözdən keçiririk”. Vals da ukraynalı həmkarı ilə telefonla danışdığını və münaqişənin həlli ilə bağlı danışıqların keçiriləcəyi mümkün platforma və bu danışıqlardakı nümayəndə heyətlərinin tərkibi barədə müzakirə apardığını vurğulayıb: “Növbəti danışıqlar turunun yeri, nümayəndə heyətləri və danışıqların məzmunu ilə bağlı yaxşı müzakirələr aparırıq”. O, son bir sutkada bu sahədəki hadisələrin inkişafından nikbin olduğunu deyib: “Düşünürəm ki, çox yaxında hərəkətlilik görəcəyik”.

Zelenski Avropa ilə birgə plan hazırlayır

Xatırladaq ki, bugünlərdə Zelenski də deyib ki, Ukrayna və Avropa ədalətli, davamlı sülhə nail olmaq istiqamətində ilk addımlar üçün plan hazırlayır. O,  teleqram sosial səhifəsində yazıb: “Biz bunun üzərində sürətlə işləyirik. O, yaxın vaxtlarda hazır olacaq”. Zelenskinin sözlərinə görə, Avropanın müharibəni dayandırmaq və təhlükəsizliyi təmin etmək üçün ümumi baxışı var, bu, Ukrayna və ABŞ-ın gələcək danışıqlar masasında da olmalıdır.

Bütün bunların fonunda isə ABŞ administrasiyası Kiyevə yardımın maliyyələşdirilməsini yenidən nəzərdən keçirir. Ağ Evin mətbuat katibi Karolin Levitt ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması ilə bağlı xəbərləri şərh edərək deyib: “Ağ Evin Milli Təhlükəsizlik Şurası bununla bağlı mənə bildirdi ki, onlar Ukraynanın maliyyələşdirilməsini dayandırıblar və nəzərdən keçirirlər”.

Əgər mineral ehtiyatlara dair saziş imzalanarsa...

“The New York Times” isə Tramp administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb ki, Zelenski mineral ehtiyatlara dair saziş imzalayarsa, Amerikanın Ukraynaya silah tədarükü bərpa oluna bilər: “Əgər Zelenski saziş bağlasa, kəşfiyyat məlumatlarının mübadiləsi davam edəcək, Bayden administrasiyası tərəfindən artıq ayrılmış hərbi təchizat bərpa olunacaq”. Nəşr qeyd edir ki, bununla belə, saziş imzalanacağı təqdirdə, Trampın hansı həcmdə əlavə hərbi yardım verməyə hazır olduğu bəlli deyil.

ABŞ-ın 47-ci prezidentinin administrasiyası təklif edib ki, Zelenski Ağ Evin tələblərinə tabe olarsa, Ukraynaya dəstək fasiləsi nisbətən qısamüddətli ola bilər. Qəzet xatırladır ki, Tramp ABŞ Konqresinə müraciətində Zelenskidən məktub aldığını və orada Ukrayna Prezidentinin “mümkün qədər tez danışıqlar masasına oturmağa” razılıq verməsini yüksək qiymətləndirdiyini bildirib.

Belə bir şəraitdə Birləşmiş Krallıq Kiyevə kömək əlini uzada bilər. Londonda yerləşən “Istok Associates Limited” kəşfiyyat konsaltinq şirkətinin baş direktoru Nil Barnett “Politico”ya açıqlamasında deyib ki, ABŞ tərəfindən yaradılan Ukraynaya kəşfiyyat məlumatlarının təminatında yaranan boşluğu Böyük Britaniya doldurmağa çalışacaq: “Britaniyalılar bu boşluğu doldurmağa çalışacaqlar. Bizim suveren “RAF Akrotiri”də dinləmə postlarımız var, bu ərazidə “Rivet Joint” reyslərimiz həyata keçirilir. Lakin açıq-aydın göründüyü kimi, bizdə amerikalıların malik olduğu bütün imkanlar yoxdur və bəzi şeyləri sadəcə, əvəz etmək mümkün deyil”. Barnett, həmçinin vurğulayıb ki, Tramp administrasiyasının qərarı Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ağır təsir göstərəcək.

Beləliklə, rəsmi Kiyevin Vaşinqtonla əməkdaşlığı bərpa etməkdən başqa çıxış yolu yoxdur. Ona görə də, tərəflərin nümayəndə heyətlərinin görüşü tezliklə reallaşa bilər.

N.BAYRAMLI

Chosen
10
39
yeniazerbaycan.com

10Sources