EN

Astarada gözətçi məktəb direktorunun kredit kartını oğurlayıb özünə “İphone” aldı - CƏZA

Astara Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən A.Mikayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, A.Mikayılov Astara şəhər 3 saylı tam orta məktəbində gözətçisi işləyib. O, 27 may 2024-cü il tarixdə, saat 21 radələrində məktəbdə olarkən otaqların qapılarının açıq olub-olmadığını yoxlayıb. Bu zaman məktəbin direktoru, zərərçəkmiş R.Məmmədovun iş otağının qapısının açıq olduğunu görüb. O, otağa daxil olaraq çəkməcənin içərisində zərərçəkmiş şəxs məxsus banklardan birinin kredit kartını tamah niyyəti ilə götürüb. Sonra təqsirləndirilən şəxs ATM vasitəsi ilə kartdan ümumilikdə 3200 manat pulu çıxardıb.

 

A.Mikayılov məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, hadisənin üzərindən bir neçə gün keçdikdən sonra Astara şəhəri, mərkəzi bazarda telefon mağazalarının birindən həmin ələ keçirdiyi pul vəsaiti ilə 2800 manata “İphone 15 PRO” markalı mobil telefon alıb. Lakin 1 ay sonra həmin telefonu bazarda 1000 manata qiyabi tanıdığı şəxsə satıb. Həmin gün Astara şəhərində yerləşən “Kontakt Home” mağazasından 1000 manata “Samsung” markalı və “Redmi” markalı mobil telefon alıb. Daha sonra isə pula ehtiyacı olduğundan həmin telefonları satıb digər kreditləri ödəyib. 

 

Zərərçəkmiş R.Məmmədova ifadəsində söyləyib ki, hazırda ona dəymiş ziyan tam olaraq ödənilib, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.

 

Kamal Məmmədov

Tarix: 7 Mart 2025, 10:10   
Chosen
11
1
pravda.az

2Sources