EN

Azərbaycanın dünya birliyinə inteqrasiyası: Qlobal əməkdaşlıq və strateji tərəfdaşlıq

İstiqamət-Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra öz xarici siyasətini balanslı və çoxşaxəli prinsiplər əsasında formalaşdırıb. Bu siyasət ölkənin beynəlxalq birliyə inteqrasiyasını gücləndirmək, regional və qlobal əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Azərbaycan hazırda həm regional, həm də beynəlxalq arenada nüfuzlu tərəfdaş kimi qəbul olunur. Azərbaycanın xarici siyasət prioritetləri müxtəlif sahələrdə əməkdaşlığın qurulması, inkişafı və əlaqələrin genişləndirilməsi ilə səciyyələnir. Ölkənin xarici siyasətinin əsas istiqamətləri müstəqillik və suverenliyin qorunması, regional və beynəlxalq əməkdaşlığın inkişafı, iqtisadi və enerji diplomatiyasının gücləndirilməsi, humanitar və mədəni əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzərində qurulub. Bu siyasət ölkənin beynəlxalq təşkilatlarda fəal iştirakına, diplomatik əlaqələrinin genişlənməsinə və yeni strateji tərəfdaşlıqların qurulmasına imkan yaradır.

Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı və fəal tərəfdaş kimi çıxış edir. Ölkə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi mühüm beynəlxalq qurumların üzvüdür. Azərbaycan beynəlxalq arenada bütün dövlətlər üçün güclü tərəfdaşdır.

Azərbaycan  BMT-nin müxtəlif qurumları çərçivəsində fəal iştirak edir və 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərib. Ölkəmiz  BMT-nin sülh və təhlükəsizlik missiyalarına dəstək verir, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini nümayiş etdirir. Həmçinin  Azərbaycan Qoşulmama Hərəkatının üzvü kimi mühüm təşəbbüslər irəli sürüb və 2019-2023-cü illərdə təşkilata sədrlik edib. Azərbaycanın QH çərçivəsində pandemiya dövründə qlobal həmrəyliyin gücləndirilməsi üçün həyata keçirdiyi tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Avropa Şurasına isə 2001-ci ildən üzvdür və təşkilatın müxtəlif strukturlarında fəal iştirak edir. Ölkə insan hüquqları, demokratiya və hüquqi islahatlar sahəsində əməkdaşlıq çərçivəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub. Azərbaycanın türk dünyası ilə əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da güclənib. TDT ölkələri arasında iqtisadi, mədəni və siyasi inteqrasiyanın dərinləşməsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.

Azərbaycan regional siyasətində tarazlı yanaşma nümayiş etdirir. Cənubi Qafqazın aparıcı dövləti olaraq ölkə qonşuları ilə əməkdaşlığı genişləndirir və regional sabitliyə töhfə verir. Azərbaycan region ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələri daim diqqət mərkəzində saxlayır.

Türkiyə-Azərbaycan əlaqələrində strateji müttəfiqlik münasibətləri daim inkişaf edir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu münasibətləri daha da möhkəmləndirib. Hərbi, iqtisadi, mədəni və siyasi sahələrdə əməkdaşlıq iki qardaş dövlətin birliyini daha da gücləndirir. Gürcüstan Azərbaycan üçün vacib tərəfdaşdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bu əməkdaşlığın mühüm nümunələrindəndir. İran və Rusiya ilə münasibətlərdə isə Azərbaycan hər iki qonşusu ilə tarazlı siyasət yürüdür. Rusiya ilə ticarət və nəqliyyat sahəsində əməkdaşlıq güclənir, İranla isə energetika və infrastruktur layihələri istiqamətində mühüm razılaşmalar əldə olunur.

Azərbaycanın enerji siyasəti beynəlxalq arenada xüsusi əhəmiyyət daşıyır. Ölkə Avropanın enerji təhlükəsizliyinin təminatında əsas oyunçulardan biridir. Azərbaycan Avropaya təbii qaz nəql edən əsas mənbələrdən biri olaraq Cənub Qaz Dəhlizinin əsas iştirakçısıdır. TAP və TANAP qaz kəmərləri Azərbaycanın enerji strategiyasının uğurlu nəticəsidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri isə Azərbaycanın Xəzər dənizindən hasil etdiyi nefti Türkiyə və Aralıq dənizi vasitəsilə dünya bazarına çıxaran əsas ixrac marşrutudur. Ölkəmiz hazırda bərpa olunan enerji sahəsinə böyük sərmayələr yatırır və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib və burada günəş və külək enerjisi layihələri həyata keçirilir.

Azərbaycanın beynəlxalq münasibətlərdə mühüm sahələrindən biri də humanitar və mədəni diplomatiyadır. Bakı Humanitar Forumu və Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı təşəbbüslər Azərbaycanın multikultural dəyərlərə verdiyi önəmi göstərir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətində isə Azərbaycan müsəlman dünyasında tolerantlıq və mədəni irsin qorunması istiqamətində mühüm layihələr həyata keçirir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu bildirir ki, Azərbaycan, milli maraqlarını qorumaq və beynəlxalq təsirini genişləndirmək məqsədilə, BMT-dən ATƏT-ə, BRICS-dən Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq və regional təşkilatlarla konstruktiv əməkdaşlıqlar quraraq həm iqtisadi, həm də təhlükəsizlik sahəsində öz unikal potensialını ortaya qoyur:

"Azərbaycan dövləti beynəlxalq təmasların sürətlə və milli maraqlarımız çərçivəsində genişləndirilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayır. Bu gün dünyanın demək olar ki, bütün beynəlxalq və regional təşkilatlarında  Azərbaycanın özünəməxsus yeri və rolu vardır. Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri ondan ibarətdir ki, dünya dövlətləri, beynəlxalq təşkilatlarla konstruktiv münasibətlər, əməkdaşlıq sistemi formalaşdırsın və bu sistem çərçivəsində də öz milli maraqlarını uğurla qorusun, prioritetlərinə uğurla çatsın. Bu baxımdan Azərbaycanın kifayət qədər böyük təcrübəsi mövcuddur.  Azərbaycan müstəqilliyinin ilk illərindən BMT-nin üzvü olaraq təşkilat çərçivəsində onun ayrı-ayrı institutları ilə sıx təmaslar qurub. Eyni zamanda, Azərbaycan prezidenti BMT-nin effektivliyinin artırılmasının vacibliyini vurğulayıb. BMT-də islahatların aparılmasının vacibliyini də qeyd edib. Həqiqətən də, BMT bu gün özünün yaradılması motivlərinə uyğun olaraq tam səmərəli fəaliyyət göstərə bilmir. Azərbaycanla  ATƏT arasında, ümumiyyətlə, digər Avropa strukturları arasında münasibətlər hər zaman inkişafda olub. Amma  bir çox hallarda, bir çox təşkilatlar çərçivəsində ölkəmizə münasibətdə qərəz müşahidə olunub. Məsələn, Avropa Şurası Parlament Assambleyasında biz  zaman-zaman Azərbaycana qarşı qərəzli yanaşmanın şahidi olmuşuq. Azərbaycan da hər zaman öz mövqeyini uğurla müdafiə edib, hər zaman öz sözünü deyib. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu gün nisbətən yeni təşkilatlarla daha səmərəli əməkdaşlıq etməkdədir. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın artıq müşahidəçi statusu mövcuddur. BRICS çərçivəsində Azərbaycan əməkdaşlığın genişləndirilməsində maraq nümayiş etdirir. Çünki bu təşkilatlara üzv olan ölkələrlə Azərbaycanın artıq kifayət qədər inkişaf etmiş münasibətləri və əməkdaşlığı mövcuddur.

Azərbaycanın əsas diqqət yetirdiyi məqam Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı genişləndirməkdir. Azərbaycanın təşkilatın daha güclü, daha səmərəli fəaliyyət göstərə bilməsi üçün təşəbbüsləri də hər zaman diqqəti cəlb edib və bildiyimiz kimi, Azərbaycan həm də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi təşəbbüsünü məhz Türk Dövlətləri Təşkilatında hər zaman səsləndirib. Bu baxımdan Azərbaycan artıq özünün yeni obrazı ilə müasir beynəlxalq münasibətlər sistemində daha fəal rol oynamaqdadır. Bunu  Azərbaycan prezidenti də 2014-cü  ildə - prezident seçkilərindən sonra Milli Məclisdə andiçmə mərasimində xüsusi vurğuladı ki, yeni mərhələdə Azərbaycan beynəlxalq münasibətlər sistemində təsir imkanlarını genişləndirməyi hədəfləyir. Həqiqətən də, bu gün bizim bunun üçün kifayət qədər böyük potensial imkanımız mövcuddur. Ərazi bütövlüyümüzü təmin etdikdən və suverenliyimizi bütün ərazimiz boyunca etibarlı və dönməz şəkildə bərqərar etdikdən sonra Azərbaycan həm beynəlxalq münasibətlər, həm beynəlxalq əməkdaşlıq sistemində yeni obrazı ilə çıxış etməkdədir. Azərbaycanın iqtisadi əməkdaşlıq çevrəsini genişləndirmək üçün yeni imkanları yaradılıb. Bu gün fəal şəkildə işğaldan azad etdiyimiz ərazilərin iqtisadi potensialı ümummilli iqtisadi inkişaf dövriyyəsinə qatılmaqdadır. Bu da müvafiq olaraq Azərbaycanın iqtisadi sahədə əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və nəzərə almaq lazımdır ki, Azərbaycan olduqca unikal və perspektivli nəqliyyat logistika infrastrukturuna sahibdir. Bu da Azərbaycanın dünya təchizat, enerji bazarlarında rolunu daha da təsirli edir. Müvafiq olaraq  Azərbaycan beynəlxalq təmaslarını da genişləndirir. Ayrı-ayrı beynəlxalq təşkilatlar çərçivəsində  Azərbaycanın rolu, nüfuzu artır.

Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın olduqca səmərəli və hər zaman inkişaf edən əməkdaşlığı mövcuddur. Azərbaycan 2019-cu  ildən 2023-cü ilə qədər Qoşulmama Hərəkatına sədrliyi həyata keçirdi və məhz Azərbaycanın vermiş olduğu töhfələr əsasında Qoşulmama Hərəkatı artıq bir beynəlxalq təşkilat elementlərini özündə ifadə etməyə başladı. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın təşəbbüsləri strukturlaşmanı şərtləndirmiş oldu. Bir sıra yeni institutlar formalaşdırıldı və məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının qazanmış olduğu yeni elementlər, Qoşulmama Hərəkatı çərçivəsində yaradılmış yeni struktur elementləri, hesab edirəm ki, çox yaxın gələcəkdə Qoşulmama Hərəkatının artıq bir beynəlxalq təşkilat səviyyəsinə yüksəlməsini şərtləndirəcəkdir. Qoşulmama Hərəkatına Azərbaycanın rəhbərliyi olduqca mürəkkəb tarixi dövrə - pandemiya dövrünə təsadüf etdi. Yenə də Azərbaycan qlobal təhlükəsizliyin təmin olunması istiqamətində Qoşulmama Hərəkatı platformasını çox səmərəli istifadə etdi. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas qrupunun toplantısı keçirildi. Pandemiya ilə mübarizə imkanları müzakirə olundu. Bu imkanların səfərbər olunması ətrafında müzakirələr aparıldı. Azərbaycan bizim haqlı mövqelərimizi hər zaman nəzərə alan və maraqlarımızın qorunması imkanlarının mövcud olduğu, Azərbaycana qarşı qərəzli davranmayan bütün beynəlxalq və regional təşkilatlar çərçivəsində xüsusi rola və yerə malikdir. Azərbaycan bütövlükdə qlobal əməkdaşlığa və siyasi təmaslara öz mövqeyi, təşəbbüsləri ilə hər zaman ciddi töhfə verir".

Azərbaycanın geosiyasi rolu və gələcək perspektivləri isə müxtəlif istiqamətləri əhatə edir. Azərbaycanın xarici siyasət kursu onu regionda və beynəlxalq arenada nüfuzlu aktora çevirib. Geostrateji mövqeyi və iqtisadi potensialı ölkəni beynəlxalq əməkdaşlıq üçün cəlbedici tərəfdaş edir. Gələcəkdə Azərbaycan Türk dünyası və Avropa ilə əlaqələrini gücləndirməyə, beynəlxalq təşkilatlar çərçivəsində mövqeyini möhkəmləndirməyə, Yaşıl enerji layihələrini inkişaf etdirməyə, Zəngəzur dəhlizi kimi mühüm nəqliyyat layihələrini reallaşdırmağa davam edəcək.

Bu amillər Azərbaycanın beynəlxalq inteqrasiyasını daha da gücləndirəcək və onu qlobal arenada daha təsirli bir aktora çevirəcək.

Səidə Ramazanova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
olaylar.az

1Sources