EN

Marselo Ronaldo və Messi müqayisəsi haqda danışdı

“Real”ın keçmiş müdafiəçisi Marselo müasir dünya futbolunun ulduz hücumçuları – Kristiano Ronaldo və Lionel Messi müqayisəsi haqda danışıb.

Arena.az futbolçu karyerasına xitam vermiş Marselonun müvafiq qənaətini təqdim edir:

“Çox insanlar onları müqayisə etmək istəyirlər, amma onlardan zövq almağı unudurlar.

Mən Messini yüksək qiymətləndirirəm. O, inanılmazdır. Mən onu meydanda heç görmürdüm, o, bu qədər cəlddir. Mən onu vurmağa, onun üzərində qaydanı pozmağa çalışırdım… Amma məndə heç nə alınmırdı…”, deyə “Mars” vurğulayıb.

Marselo vaxtilə “qaymaqlılar”ın heyətində birlikdə çıxış etdiyi, hazırda “Əl-Nəsr”in uğurluarı üçün çalışan portuqal hücumçu Kristiano Ronaldo ilə tanışlığını da xatırlayıb:

“Mənim Kristiano ilə münasibətim, Braziliya – Portuqaliya oyununda çəkişməyimizlə başladı. Sonra mən eşitdim ki, “Real” iki aydan sonra Ronaldo ilə müqavilə imzalayacaq. Onda zarafatyana demişdim ki: “mən klubdan gedirəm”. Amma hər şey uğurlu alındı”, deyə “Mars” təbəssümlə xatılayıb.

Xatırladaq ki, bu il fevralın 6-da Marselonun futbolçu karyerasını başa vurduğu məlum olub. 36 yaşlı futbolçunun sonuncu iş yeri “Fluminense” olub. O, 2024-cü ilin noyabr ayında Braziliya klubundan qovulandan bəri işsiz qalmışdı.

Təcrübəli futbolçu “Fluminense”yə 2024-cü ilin fevralında Pirey “Olimpiakos”undan azad agent qismində keçmişdi. Marselonun “Fluzao” ilə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədə idi.

Marselo daha öncə də “Fluminense”nin şərəfini qoruyub. Braziliyalı müdafiəçi məhz bu klubdan 2007-ci ilin yanvarında 6,5 milyon avro müqabilində “Real”a keçərək, 2022-ci ilin sentyabrına qədər İspaniya nəhəngində çıxış edib. O, məşhur braziliyalı sol cinah müdafiəçisi Roberto Karlosun xələfi kimi həm “Real”da və həm də Braziliya millisində yüksək səviyyəli sabit oyunu ilə fərqlənib.

“Mars” “Real”la 6 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kral Kubokunun, 5 dəfə İspaniya Super Kubokunun, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Marselo 2006-cı ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 58 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib. “Mars” “selesao” ilə 2013 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

Chosen
20
arena.az

1Sources