EN

ABŞ Avropadakı konsulluqlarını bağlamağa hazırlaşır

BAKI, TurkicWorld

ABŞ Dövlət Departamenti yaxın aylarda Qərbi Avropadakı bəzi konsulluqlarını bağlamağı və qlobal səviyyədə işçi heyətini ixtisar etməyi planlaşdırır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Vaşinqtonda bəzi ixtisaslaşmış bölmələrin birləşdirilməsi də nəzərdən keçirilir.

Bu çərçivədə insan haqları, qaçqınlar, qlobal cinayət ədaləti, qadın hüquqları və insan alveri ilə mübarizə kimi sahələrdə fəaliyyət göstərən ofislərin yenidən təşkil olunması gündəmdədir.

Ötən ay məlum olub ki, ABŞ administrasiyası dünya üzrə diplomatik nümayəndəliklərdən ABŞ və yerli işçilərin sayını ən azı 10% azaltmaq variantlarını araşdırmağı tələb edib.

Qərarın ABŞ prezidenti Donald Tramp və müşaviri Elon Maskın federal hökumətdə genişmiqyaslı xərcləri azaltmaq səylərinin bir hissəsi olduğu bildirilir. Seçki kampaniyası zamanı Tramp hökumət heyətində ciddi dəyişikliklər edəcəyini və "dərin dövlət" adlandırdığı bürokratik strukturu təmizləyəcəyini vəd etmişdi.

Tənqidçilər xəbərdarlıq edirlər ki, bu ixtisarlar ABŞ-ın diplomatik təsirini zəiflədə bilər. Xüsusilə USAID-in bağlanması qlobal yardımı azaldacaq və Çin, Rusiya kimi rəqib ölkələrin təsirinin artmasına səbəb ola bilər.

Bağlanması nəzərdə tutulan konsulluqlar arasında Almaniyanın Leypsiq, Hamburq və Düsseldorf; Fransanın Bordo və Strasburq; İtaliyanın isə Florensiya şəhərləri var. Lakin rəsmilər bu siyahının yekun olmadığını və bəzi konsulluqların açıq qalması üçün diplomatik səylərin davam etdiyini bildirirlər.

ABŞ Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, aparılan qiymətləndirmələr "Amerika xalqı adından müasir çağırışlara ən yaxşı cavab vermək üçün" həyata keçirilir.

Qeyd edək ki, Dövlət Departamenti hazırda dünya üzrə 270-dən çox diplomatik nümayəndəlikdə təxminən 70 min nəfərlik heyətlə fəaliyyət göstərir.

Chosen
9
1
turkic.world

2Sources