EN

Birlik və bərabərliyin simvolu olan bu səfərin önəmi kifayət qədər böyükdür - Aytən Qurbanova

Xankəndi şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının bir yerdə toplanması Azərbaycanın siyasi tarixində əlamətdar hadisədir

Tarixin ən şanlı səhifələrini yazan Azərbaycan Respublikasında "Suverenlik və Konstitusiya İli" qeyd olunur. Addım-addım bizi Zəfərə aparan yolu bəzəyən daşlar cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində zərgər dəqiqliyi ilə bir-bir yerinə qoyulub. Xarici siyasətimizdəki böyük addımlar, Azərbaycanın gücü və qüdrəti xalq-dövlət birliyinin və həmrəyliyimizin ən parlaq təzahürləridir. Təbii ki, bu təzahürlər ölkə daxilindəki siyasi mühitə də təsirsiz ola bilməzdi. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin Xankəndi, Əsgəran və Xocalıya təşkil olunan birgə səfərində iştirak edən politoloq Aytən Qurbanova bildirdi.  

Politoloq bildirdi ki, son beş ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən siyasi partiyalar arasında yeni münasibətlər sistemi formalaşdırılmışdır: "Dialoq imkanlarının dəyərləndirilməsi, konstruktiv əməkdaşlığın təşviq edilməsi və milli maraqlar uğrunda birgə fəaliyyət bu sistemin əsas xarakterik xüsusiyyətləridir. Xüsusilə də, birgə əməkdaşlıq imkanlarının fəyərləndirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə siyasi partiyalar üçün formalaşdırılan dialoq masası məhz etibarlı tərəfdaşlığın yaradılmasına zəmin yaradan mühüm addımlardan biridir. Keçirilən görüşlər çərçivəsində siyasi platformada dinləmək və dinlənilmək mədəniyyətinin formalaşdırılması hərkəs tərəfindən mühüm nailiyyət olaraq dəyərləndirilir. Məhz belə sağlam münasibətlərin və konstruktiv əməkdaşlığın təzahürü olaraq siyasi partiyaların rəhbərlərinin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərləri də təşkil olunur. İndiyə qədər sayca beş belə səfər təşkil olunub ki, bu səfərlər çərçivəsində Qarabağa böyük qayıdışla bağlı siyasi partiya rəhbərlərini maraqlandıran suallar cavablandırılır, eyni zamanda onlara Qarabağın dirçəlişi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı yaradılır. Mühüm əhəmiyyət kəsb edən belə səfərlərdən növbətisi 6 mart 2025-ci il tarixində baş tutdu. Ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin, tanınmış politoloqların və media nümayəndələrinin iştirakı ilə Əsgəran, Xocalı və Xankəndinə təşkil olunmuş bu səfər çərçivəsində Əsgəran qala kompleksini ziyarət etmək, Xocalı Soyqırım memorialında görülən işlərlə tanış olmaq imkanı yaradıldı. Həmçinin Xənkəndində olan siyasilər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Zəfər paradının keçirildiyi meydanda oldular. Zəfər meydanında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iştirakçıların qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı surətdə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında məlumat verdi. Administrasiya rəsmisi qeyd etdi ki, Xankəndi şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının bir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdar hadisə kimi dəyərləndirilməlidir." 

Politoloq bildirib ki, istisnasız olaraq qeyd edə bilərik ki, birlik və bərabərliyin simvolu olan bu səfərin önəmi kifayət qədər böyükdür: "Cənab Prezidentin təşəbbüsü ilə əsası qoyulmuş yeni siyasi münasibətlər sisteminin dövlətçilik və milli maraqlarımızın müdafiəsi naminə fərqliliklərin ortaq hədəfləri olan əməkdaşlığa çevrilməsini təşviq etdiyinin bariz nümunəsidir. İyirmi dörd siyasi partiyanın rəhbərinin Zəfər meydanında olmasının verdiyi mesajların əsas mahiyyəti də məhz ondan ibarət idi ki, belə konstruktiv əməkdaşlığın və dialoqun olduğu mühitdə dövlət maraqlarını hər zaman şəxsi ambisiyalardan üstün tutmağı bacaranlar ola bilər. Heç şübhəsiz ki, bu da etibarlı tərəfdaşlığı şərtləndirən ən vacib xüsusiyyətdir."

Şəmsiyyə Əliqızı, “İki sahıl”

Chosen
28
1
ikisahil.az

2Sources