Sumqayıt şəhərində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid anaları və qazilər, şəhərdə müxtəlif sahələrində çalışan qadınlar iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları ürəkdən təbrik edib, onların cəmiyyətimizdəki misilsiz rolunu yüksək qiymətləndirib.
Şəhər rəhbəri çıxışında vurğulayıb ki, Azərbaycan qadını tarix boyunca öz zəngin mənəvi dünyası, müdrikliyi, fədakarlığı və qətiyyəti ilə yalnız ailədə deyil, həm də ictimai həyatın bütün sahələrində mühüm mövqe tutmuşdur. Onlar milli dəyərlərimizi qoruyub saxlamaqla yanaşı, elm, mədəniyyət, incəsənət, iqtisadiyyat və siyasət sahələrində də öz sözlərini demiş, ölkəmizin inkişafına mühüm töhfələr vermişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılmış, onların bilik və bacarıqlarını reallaşdırması üçün əlverişli şərait təmin olunmuşdur. Dövlətimizin sosial, iqtisadi, siyasi və mədəni inkişafı Azərbaycan qadınının cəmiyyətdə daha fəal rol oynamasına, onların liderlik keyfiyyətlərini ön plana çıxarmasına zəmin yaratmışdır.
Qeyd olunub ki, Sumqayıtın sosial-iqtisadi inkişafında, elmi və mədəni həyatında qadınların əvəzsiz xidmətləri var. Onlar təkcə ailə dəyərlərinin qoruyucusu kimi deyil, eyni zamanda, innovasiya və tərəqqiyə töhfə verən fəal vətəndaşlar kimi də mühüm rol oynayırlar. Sumqayıt şəhərində qadınlar ictimai-siyasi, iqtisadi və sosial həyatın bütün sahələrində öz bacarıqlarını nümayiş etdirir, yeni nailiyyətlər qazanaraq şəhərin inkişafına layiqli töhfələr verirlər.
Daha sonra Zakir Fərəcov cəmiyyətin müxtəlif sahələrində yüksək nailiyyətlər qazanan, şəhərin inkişafına töhfə verən bir qrup qadına fəxri fərmanlar təqdim edib.
Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.