EN

“Gilavar fotoqrafiya məktəbi” fəaliyyətə başlayır

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan foto sənətinin inkişafına töhfə verən ölkənin aparıcı foto təşkilatı “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən fotoqrafiya üzrə ödənişsiz təlim kursları keçiriləcək fotoməktəb fəaliyyətə başlayır.

Bu barədə AZƏRTAC-a ictimai birlikdən məlumat verilib. Bildirilib ki, “Gilavar fotoqrafiya məktəbi” layihəsi Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

“PeşəkarSƏN” maarifləndirmə proqramının tərkib hissəsi olan fotoqrafiya məktəbinin əsas məqsədi foto sənətinə marağı olan gənclərə dəstək göstərmək, bu sahədə ilk addım atmaları üçün nəzəri və praktiki bacarıqlara yiyələnmələrinə şərait yaratmaq, peşəkar və yaradıcı fotoqrafların yetişməsinə töhfə verməkdir.

Kursda müsahibə yolu ilə seçilmiş 60-70 nəfər gəncin iştirakı nəzərdə tutulur. Layihədə fotoqrafiyaya maraq göstərən və sosial durumu aşağı olan 18-30 yaş aralığında gənclərə, peşə və ali məktəblərdə təhsil alan tələbələrə üstünlük veriləcək.

Təlim kursu iki yerə bölünərək nəzəri və praktiki hissələrdən ibarət olacaq. Dərslər ölkənin peşəkar fotoqrafları tərəfindən öncədən hazırlanmış proqram əsasında və tədris sisteminə uyğun aparılacaq. İştirakçılara fotoqrafiyanın əsasları, onun qaydaları, fototexnikanın sirləri, fotostudiya şəraitində çəkiliş, fotojurnalistika, fotoredaktə proqramları, videoçəkilişlərin aparılması haqqında bilgilər öyrədiləcək, qrup və fərdi tapşırıqlar veriləcək. Fərdi şəkildə sərbəst çəkilişlər apara bilmələri üçün şərait yaradılacaq, gələcəkdə kiçik sahibkar kimi çalışa bilmələri üçün məsləhət və tövsiyələr veriləcək. Həmçinin gənclərin beynəlxalq fotomüsabiqə və fotosərgilərdə iştirakına dəstək göstəriləcək.

Təlimin sonunda bütün iştirakçıların layihə boyunca qazandıqları bilik və bacarıqların dəyərləndirilməsi üçün test üsulu ilə yekun qiymətləndirmə keçiriləcək. Kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək. Yekunda iştirakçıların çəkdiyi fotolardan ibarət fotosərginin keçirilməsi nəzərdə tutulur.

Chosen
55
6
azertag.az

7Sources