Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025 üçün marşal qeydiyyatı proqramına start verib.
BŞH-dən AZƏRTAC-a verilən məlumata görə, sürət yarışının həyəcanverici atmosferini trekə ən yaxın məsafədən hiss etmək istəyənlər və yaşı 21-dən yuxarı olanlar dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, marşal proqramına qoşula bilərlər.
Azərbaycan Avtomobil Federasiyası (AAF) bu proqramı uğurla başa vuran hər bir marşalı FIA tərəfindən qəbul olunmuş beynəlxalq rəsmi lisenziya ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, Formula 1 Qran-Prisi və digər avtomobil idman yarışlarında iştirak etmək imkanı verəcək.
Xatırladaq ki, ötən il Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxu əcnəbi olub.
Marşal Proqramı haqqında daha ətraflı məlumatı Bakı Şəhər Halqasının veb-səhifəsindən, həmçinin, [email protected] elektron ünvanına yazaraq əldə etmək mümkündür.
Qeydiyyat üçün link: https://www.bakucitycircuit.com/az/marshals
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.