“Globes” iqtisadi nəşri yazır ki, yaxın həftələrdə İsrailin “New Med” şirkəti, Britaniyanın British Petroleum və Azərbaycanın SOCAR-dan ibarət konsorsium İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasının I Blokunda qaz axtarışı ilə bağlı İsrailin Energetika Nazirliyi ilə müqavilə imzalayacaq.
I blok İsrail iqtisadi zonasının şimal-qərbində, Livan və Kipr iqtisadi zonaları ilə qovşağında yerləşir, “Kariş” və “Tanin” yataqları ilə həmsərhəddir.
Nəşr qeyd edir ki, saziş daha əvvəl “Leviafan” yatağında pay almağa cəhd etmiş Əbu-Dabi əmirliyinin ADNOC neft-qaz şirkətini də İsrailin iqtisadi sularına cəlb edəcək.
Keçən il BP (51%) və ADNOC (49%) birgə müəssisə yaradıb və ona Misir, İsrail və Kiprdə yataqların işlənməsi hüququ verilib.
Almaz Həsənli