EN

“Azərbaycan qadını hər zaman fəal vətəndaşlıq mövqeyi ilə seçilib” - ŞƏRH EDİLDİ

"Azərbaycanda qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

O bildirib ki, qadın hüquqları eyni zamanda bir sıra dövlət proqramları və məcəllələrlə təsbit olunur: "Azərbaycan qadını hər zaman fəal vətəndaşlıq mövqeyi ilə seçilib. Dövlət müstəqilliyimizin bərpasından sonra qadınlarımız milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır. Ölkəmizdə qadınlar mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verir.

Müasir dövrümüzə qlobal problemlərə qadının baxışı böyük önəm kəsb edir, qadınların təşəbbüsləri dəstəklənir. İqtisadi müstəqilliyi, siyasi fəallığı artırmaq, qadınların sağlamlığını qorumaq üçün hər cür şərait yaradılır. Qadınlar mürəkkəb və məsuliyyətli sahəyə zənginləşdirici dəyərlər və əlavə bacarıqlar gətirirlər.

İdarəçilikdə və qərarların qəbulunda iştirak zərif cinsin nümayəndələrinin ictimai və siyasi fəaliyyətə verdiyi töhfələrə adekvatdır. Qadınlar uğurlu siyasi karyera qura bilirlər, çünki onlar bunun üçün lazım olan bütün keyfiyyətlərə malikdirlər.

Müasir Azərbaycan qadını dedikdə ilk növbədə gözümüzün qarşısına öz əzmkarlığı, analıq şəfqəti ilə seçilən xanım obrazı gəlir. Bu mənada ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da artırmaqdadır. Bu fəaliyyət sayəsində Azərbaycan qadını ölkəmizin humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilərək, mərhəmətin, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərin daşıyıcısı kimi Azərbaycanı dünyaya təqdim edir.

Beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirən Azərbaycan eyni zamanda beynəlxalq platformalarda da qadınların hüquqlarının ən fəal müdafiəçilərindən biridir. Belə ki, Qoşulmama Hərəkatının sədri kimi Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda da Azərbaycan qadınların rolunun daha da gücləndirilməsinə, onların dekolonizasiya yolunda mübarizəsinə daha güclü dəstək verilməsinin vacibliyini gündəmə gətirdi.

İstər dövlət strukturunda, istər özəl sektorda qadınlara verilən dəstək onların öz potensiallarını uğurla həyata keçirmələrinə yardım edir. Nəticə etibarilə bu gün Azərbaycan qadını həm dövlət, həm də özəl sektorda söz sahibidir.

Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması məhz qadınların - analarımızın adı ilə sıx bağlıdır".

"Prezident İlham Əliyevin təbrik məktublarında da qeyd edildiyi kimi, gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. “Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər.”

Təsadüfi deyil ki, hətta Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Ötən ilin sonunda baş vermiş məlum təyyarə qəzasında pilotlarımızla yanaşı, qadın bələdçi Hökumə Əliyevanın fədəkarlığı isə növbəti nümunə idi. Məhz qəhrəmanlığına, şücəatinə görə Hökumə Əliyeva Azərbaycanın sayca üçüncü qadın Milli Qəhrəmanı adına layiq görüldü. Belə örnək qadınlarımız isə cəmiyyətimizin öncülü, sütunu və aynasıdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Chosen
25
sia.az

1Sources