BAKI, TurkicWorld
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, Latakiyadakı hadisələrlə bağlı açıqlama verərək bildirib ki, Türkiyə Suriyanın sülh və sabitliyi üçün səylərini davam etdirəcək və Suriya xalqının yanında olmağa davam edəcək.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Keçeli Suriyada sabitliyin təmin olunması istiqamətində kritik dövrdə təhlükəsizlik qüvvələrinin hədəfə alınmasının sülh səylərinə zərər verə biləcəyini vurğulayıb.
Keçeli bildirib ki, hazırda Suriyada təhlükəsizlik və sabitliyin bərqərar olması üçün intensiv səylər göstərilir. Lakin Latakiyadakı gərginlik Suriyanın birlik və həmrəylik içində gələcəyə doğru irəliləməsinə maneə yarada bilər.
"Bu cür təxribatların Suriyanın və bütövlükdə regionun sülh və sabitliyi üçün təhlükəyə çevrilməsinə imkan verilməməlidir." - deyə bildirilib.
XİN sözçüsü əlavə edib ki, Türkiyə suriyalıların sülh və rifah içində yaşamaq hüququnu hədəf alan hər cür hərəkətə qarşıdır və bu istiqamətdə Suriya xalqının və hökumətinin yanında olmağa davam edəcək.
Qeyd edək ki, Türkiyə uzun müddətdir Suriyada həm humanitar, həm də təhlükəsizlik məsələlərində mühüm rol oynayır və bölgədə sabitliyin təmin olunması üçün diplomatik səylər göstərir.