Bakı, 7 mart, AZƏRTAC
Məşhur azərbaycanlı dizayner Gülnarə Xəlilovanın "İlmələrin sehri" kolleksiyası Aktau Beynəlxalq Moda Həftəsində (Samruq Fashion Week) uğurla təqdim olunur.
AZƏRTAC xəbər verir ki, libaslardakı bütün aksesuarların, zinət əşyalarının, boyunbağıların, sırğaların, bilərziklərin və hətta düymələrin iplərdən hazırlandığı toxunmuş əl işlərindən ibarətdir.
Gülnarə Xəlilova bu il yaradıcılıq fəaliyyətinin 25 ili tamam olduğunu deyib: “Buna görə ən sevdiyim kolleksiyalardan birini təqdim etməyə qərar verdim. “Samruq Fashion Week” layihəsinin əsas mesajı türk dünyasının modasının təkamülüdür. Bu gün dünyada rəngarəng türk üslubu fəal inkişaf edir, dizaynerlər gündəlik həyatda ənənəvi geyimləri cəsarətlə birləşdirirlər, buna görə layihə müasir etnomoda formatda təqdim edildi".
Səfər Avropa və Asiyada müxtəlif etnik moda həftələrinin təsisçisi və rəhbəri Aydın Açikin dəvəti ilə təşkil olunub. “Samruq Fashion Week” təşkilatçıları Umbet Ayzada və Askarova Jansayadır.
Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Cizgi brendinin banisidir. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə moda həftələrində və digər beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.