Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in yarımmüdafiəçisi Trent Buhaqyar Malta millisinə dəvət alıb.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
27 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb. Belə ki, Malta millisi G qrupunda martın 21-də evdə Finlandiya, 24-də isə səfərdə Polşa yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, Trent Buhaqyar bu ilin yanvar ayında İtaliyanın “Breşiya” klubundan azad agent kimi ayrılaraq “Kəpəz”ə qoşulub. Yarımmüdafiəçi Gəncə klubu ilə 6 ay + 1 il müddətinə müqavilə imzalayıb.
Buhaqyar əslən Avstraliyadan olsa da, Malta yığmasının formasını geyinir. O, vaxtilə Avstraliyanın U-23 yığmasının formasını geyinsə də, 2024-cü ilin oktyabr ayında Malta millisində debüt edib. Yarımmüdafiəçi Malta yığmasında 3 oyun keçirib, fərqlənə bilməyib.
Trent Buhaqyar tarixi vətənində “Mariners” və “Sidney” klublarının heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasında çıxış edən “Breşiya” olub. O, 2024-cü ilin iyul ayında keçdiyi bu komandanın heyətində cəmi 2 oyuna çıxıb və fərqlənə bilməyib. Buhaqyar yanvarın 21-də “Breşiya” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermişdi. Bu üzdən də o, “Kəpəz”ə azad agent kimi keçib. Futbolçu cari mövsümün qalan hissəsində özünü yaxşı tərəfdən göstərə bilsə, gələn mövsümdə də Gəncə klubunun formasını geyinəcək.
Gəldiyi gündən bəri Buhaqyar “Kəpəz”də 6 oyuna çıxıb və hansısa məhsuldar fəaliyyəti ilə fərqlənə bilməyib.