“Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə davam edir. Biz həm regional səviyyədə, həm Avrasiya məkanında, həm də dünyanın qlobal səhnəsində bir daha göstəririk ki, qardaşlıq münasibətləri, strateji tərəfdaşlıq, xüsusilə o dünyanın abu-havasını, atmosferini saxlatmaqdan ötrü əlaqələr çox əvəzsiz bir rol oynayır. Yəni bizim ikitərəfli münasibətlərimiz, Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq aləmin işlək bir mexanizminə çevrilir və təsiri, kəsəri olan amil kimi də böyük regionlara müsbət mesajlar ötürülür. Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə ilə yanaşı burada Gürcüstan da yer alır. Biz çox vacib enerji və kommunikasiya xətlərini işləyib gündəmə gətirmişik. Avrasiya məkanın enerji xəritəsini dəyişə bilmişik, onu canlandırmışıq. Digər tərəfdən isə nəqliyyat-kommunikasiya proseslərində çox böyük uğurlar əldə etmişik. Bakı-Tbilisi-Qars, daha sonra Cənub Qaz dəhlizi kimi layihələr hamısı yalnız Azərbaycan-Türkiyənin xeyirinə işləmir. Eyni zamanda ən azı 10-dan artıq ölkənin gözləntilərinə cavab verir və onlara əməli xeyir gətirir”. Bu sözləri politoloq Tofiq Abbasov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bir daha bütün dünyaya bildirik ki, bizim qardaşlığımız və münasibətlərimiz heç kəsə təhdid yaxud problem törətmir: “Əksinə biz gördüyümüz işlərlə insanlara kömək edirik, həmçinin əməkdaşlıq dairəsini daha da genişləndiririk. Bu son qaz kəməri olan İğdır-Naxçıvan kəməri çox böyük bir nailiyyətdir. Çünki Naxçvan əhalisi uzun müddət sıxıntılar içində yaşayıb. Mənfur erməni qonşularımız Qarabağda yaşayan bir yığım erməninin guya blokada vəziyyətində olmağını diqqətlərə gətirir. Amma özləri Ermənistandan Naxçıvana atəş açırdılar. Daha sonra Naxçıvanı boğanaq vəziyyətdə saxlamağa çalışırdılar. Həmçinin mal-ərzağın aparılmasının qarşısını alırdılar".
Politoloq bildirib ki, təsadüfən Prezident İlham Əliyev Ankarada çıxışı zamanı bildirmədi ki, Ümummilli Liderimiz Heydər Əliyev Naxçıvana gəlməsə idi, Müxtar Respublikanın müqəddəratı necə olardı. Digər tərəfdən Heydər Əliyevin dühası nəticəsində Naxçıvan demək olar ki dirçəldi. Əlbəttə bizim hələ də Naxçıvanla aramızda erməni torpağının zolağı var ki, bu da tarixi Azərbaycan torpağıdır. Digər tərəfdən də Türkiyə ilə bizim qardaşlığımız çərçivəsində bunlar təşəkkül tapır. Naxçıvan həm Azərbaycanın, həm də böyük tür dünyasının tərkib hissəsidir və o yalqız qala bilməz. Elə başa düşürəm ki, bizim münasibətlərimiz həqiqətən də çox əvəzsiz bir rol oynayır".