EN

Şəhid Həsənağa Abdullazadəyə həsr olunmuş tədbir keçirilib

Bakı, 7 mart, AZƏRTAC

Martın 7-də Vətən müharibəsi şəhidi, baş leytenant Həsənağa Abdullazadənin doğum günü münasibətilə anım və “112 gün” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında baş tutan tədbirdə deputatlar, elm və ictimaiyyət nümayəndələri, şəhid ailəsinin üzvləri, döyüş yoldaşları və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər Həsənağa Abdullazadənin igidliyi, vətənpərvərliyi və xalqımızın tarixinə yazdığı qəhrəmanlıq dastanından bəhs ediblər.

Tədbirdə Milli Məclisin deputatları Fariz İsmayılzadə, Nigar Məmmədova, Tural Gəncəliyev, həmçinin Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli (İmanov), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru Vazeh Əskərov, qazilər, incəsənət nümayəndələri çıxış ediblər.

Şəhidin həyat və döyüş yolunu özünəməxsus şəkildə qələmə alan Naibə Yusif qızı öz kitabı haqqında fikirlərini bölüşüb. O, bu əsərin Həsənağa Abdullazadənin həyatını və döyüş yolunu əks etdirməklə yanaşı, gənc nəsillər üçün dəyərli bir irs olduğu qeyd edib.

Tədbirin sonunda qəhrəman şəhidimizin valideynləri çıxış edərək göstərilən diqqət və ehtirama görə təşəkkür edib.

Chosen
13
azertag.az

1Sources