EN

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini ənənəvi hala gətirmiş bir təqvimdir. Bu günün tarixi 8 mart 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, iş saatı, pis iş şəraitinə etirazi ilə başlayıb. 8 mart 1908-ci ildə isə Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa iş saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirib. Həmin nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" olub. Onların təbirincə, çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edir.

Beləliklə ilk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu-Yorkda baş tutub. Bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ildəki tətilinin yada salınması münasibətilə təşkil olunub. 1909-cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq qeyd etməyə başlayıb. Nəhayət, 1910-cu ildə yəni, 1857-ci il hadisələrdən 52 il sonra məsələyə layiq olduğu qiymət verilib. Beləliklə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında baş vermiş hadisələr əsl mahiyyəti ilə adlanmağa başlayıb. Qadın hüquqlarının, həmrəyliyinin simvolu olaraq alman sosialist Klara Setkinin və Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart günü Dünya Qadınlar Günü kimi qəbul edilib.

Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü bayramı kimi qeyd edilir. Bu tarix yalnız bayram deyil, eyni zamanda, qadınların cəmiyyətə verdiyi töhfələrin dəyərləndirilməsi, onların hüquq və azadlıqlarının müdafiəsi, gender bərabərliyinin təşviq edilməsi üçün mühüm bir fürsət kimi dəyərləndirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib.

Ötən ildə doğulmuş 102,3 min körpədən də 47 faizi qız uşaqları olub.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində 80 faizə və ali təhsil müəssisələrində 60 faizə qədəri, həkimlərin isə üçdən ikisi qadınlardır.

Ümumi təhsil müəssisələrində təhsilalanların 45 faizdən, orta ixtisas təhsili müəssisələri tələbələrinin 60 faizdən, ali təhsil müəssisələri tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir.

Elmi işçilərin 60 faizdən çoxunu qadınlar təşkil edir ki, onların da 30 faizə qədərinin elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi var: “Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır”.

Chosen
41
1
publika.az

2Sources