EN

Qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir

«Əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə edir ki, sosialyönümlü siyasət bir daha  ümumi siyasətimizi, niyyətimizi göstərir. Əlbəttə ki, gələcəkdə bu istiqamətdə siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir. 

Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünkü uğurlarımızı şərtləndirdi. Neft gəlirlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən  sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafında  əhəmiyyətli rol oynayır. Bunun üçün şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondundan vəsaitlərin ayrılmalarına diqqət yetirmək kifayətdir.    Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur, həyata keçirilən siyasətin əsasında dayanır. Ulu Öndər, eyni zamanda, bildirdi ki, neft  Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.

Azərbaycan bu gün dünyada dayanıqlı iqtisadi inkişafa malik sosial dövlət kimi nüfuz qazanıb. Sosial dövlətdə islahatların mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru dayanır. Cənab İlham Əliyev daim çıxışlarında bu mühüm məqamı xüsusi vurğulayır ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. Vətəndaş məmnunluğunun artırılması dövlət siyasətinin əsasıdır. Dövlətimizin başçısı İlham Əliyev  «İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir» fikirləri ilə bir sıra məqamlara aydınlıq gətirir. Təbii ki, söhbət insanlara diqqət və qayğıdan, sosial dövlət anlayışından gedirsə, cəmiyyətdə sosial ədalətə, sülhə və əməkdaşlığa söykənən münasibətlər formalaşmalı, hər bir vətəndaşa bərabər imkanlar yaradılmalı, göstərilən xidmətlər hər kəsə əlçatan və rahat olmalıdır. Dövlət başçısı İlham Əliyev məhz bu kimi amilləri önə çəkərək hər bir çıxışında bildirir ki, əgər insanlar görülən işlərdən razı qalarsa, onda mən də razı olaram. Tarixi Zəfərimizin reallıqları əsasında təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də əksini tapan  hədəfdən biri dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat və  dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətdir. Bildirilir ki, iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir. İqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir.

Milli Prioritetlərdə bu çağırış da əsas yer tutur ki, iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət-özəl sektor  əməkdaşlıq gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır. Kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalıdır. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir.

Cənab İlham Əliyevin bu çağırışları ötən ay «Vergi Xidməti-25: Davamlı inkişaf və effektiv transformasiya» mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində də öz əksini tapdı. Qeyd edildi ki, hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və “yaşıl artım” ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir.

Hazırkı dövrün əsas hədəflərindən biri də budur ki, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Lakin bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində olmalıdır. Reallıq budur ki, Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması  dayanıqlı inkişafında əhəmiyyətli rol oynayır. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını təmin etmək üçün bu istiqamətdə biri-birindən mühüm addımlar atılır. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi əsas prioritetlər sırasında oldu. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən 4  Dövlət Proqramının uğurlu icrası hazırda bölgələrin inkişafında özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü hər bir  təşəbbüs, qəbul etdiyi qərar  xalq tərəfindən dəstəklənir, böyük rəğbətlə qarşılanır. Cənab İlham Əliyev bu məqamı da xüsusi vurğulayır ki, mən xalqa güvənir, xalqdan güc alıram.

Bu gün paytaxt və bölgələrə, kənd və qəsəbələrə diqqət yetirərkən böyük inkişafın, tərəqqinin, sağlam rəqabətin şahidi oluruq. Son dörd ildən artıq dövrdə  tarixi Zəfərimiz fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri də vətəndaş məmnunluğunun artırılmasının prioritet olduğunu nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev bərpa işlərinə başlandığı gündən bu hədəfi açıqladı ki, keçmiş köçkünlərin yüksək yaşayışının təmin edilməsi üçün bütün zəruri işlər görülməlidir. Bu yaxınlarda Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə  görüşündə cənab İlham Əliyev  «İndi İkinci Qarabağ müharibəsindən dörd il keçibdir, baxın nə qədər böyük işlər görüldü, hər yerdə, təkcə Xocalı rayonunda yox» söyləyərək onu da bildirdi ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur.  Prezident kimi əsas borcum bu gün bundan ibarətdir. İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunub və indi həyatı bərpa edirik: «Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində.»

Dövlət büdcəsindən ayırmalarda  müdafiə ilə yanaşı, bərpa-quruculuq işlərinə ayrılan vəsait də xüsusi diqqətdə olur. 2025-ci ilin dövlət büdcəsində hərbi xərclər 8,4 milyard manatdır. Prezident İlham Əliyev vurğuladı ki, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında  geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı yarısı digər sahələrə - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə istiqamətləndiriləcəkdi. Müqayisə üçün qeyd edək ki, hərbi xərclərimiz  8,4 milyard manat, Qarabağın və Şərqi Zəngəzurun bərpasına  isə 4 milyard manat vəsait ayrılıb.

Hər ilin sonunda, yaxud ilk ayında Prezident İlham Əliyev növbəti il üçün  əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Sərəncamı imzalayır. Bu baxımdan dövlət başçısının   23 dekabr 2024-cü il  tarixli imzalanan  “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha təsdiqlədi. Yeni Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırıldı.  Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən indiyədək minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. Dövlət başçısı İlham Əliyev bildirir ki, bütün  böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaq.

2019-cu ildən  bu yana beş  sosial paket layihəsi  icra edilib. Müavinət və təqaüd ödənişlərində artım dinamikası  davam edir. Prezident  İlham Əliyevin 7 yanvar 2025-ci il tarixli «Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» Sərəncamına uyğun olaraq  dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırıldı.  

Dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl və ciddi artımına müqayisəli şəkildə nəzər salaq. Belə ki, bu xərclər 2021-ci ildəki 10,3 mlrd. manatdan 2024-cü il üçün  15,5 mlrd. manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 mlrd. manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 mlrd və ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması bir daha sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu göstərir.

Göründüyü kimi, sosial sahə çoxşaxəlidir. Buraya özünüməşğulluq proqramını da əlavə etsək, əhalinin sosial müdafiəsinin gündən-günə daha da gücləndirilməsi üçün mühüm layihələrin icrasının prioritet olduğunu görərik. O da məlumdur ki, ölkəmizdə ABAD mərkəzləri yaradılır ki, bunlar ailə təsərrüfatlarına asan dəstəyi göstərməklə həm özünüməşgulluğun inkişafına, həm də bu əsasda insanların sosial rifah halının yaxşılaşmasına öz töhfələrini verirlər. Özünüməşğulluq proqramının əhatə dairəsi gündən-günə genişlənir. Hətta Azərbaycan beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb edib. Ümumilikdə əhalinin məşğulluğunun təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bunun nəticəsi olaraq, ölkədə çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi də ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Təkcə 2018-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 635 min vətəndaş işlə təmin edilib, 36 min şəxs peşə hazırlığına cəlb olunub. Ölkə Prezidentinin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən proqram olmaqla işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verir. 2017-ci ildən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların illik sayı ötən dövrdə təqribən 15 dəfə artırılaraq 16 mini ötüb. İndiyədək 93 min şəxs özünüməşğulluq proqramına cəlb edilərək onlara verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar. 2025-ci ildə  bu say artıq 100 mini ötəcək. Azərbaycan sosial dövlət olduğunu sözdə yox, əməldə təsdiqləyir.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən sosial-iqtisadi göstəricilərin rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasını qarşıya əsas hədəf kimi qoydu. Əmək haqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılmasının vacibliyi bildirildi. Təbii ki, bu, ölkəmizin iqtisadi inkişafı ilə sıx bağlıdır. Azərbaycanın iqtisadi imkanları artdıqca, bu, ilk növbədə özünü güclü sosial siyasətdə nümayiş etdirir. Sosial siyasətin əsas tərkib hissələrindən biri şəhid ailələrinə, qazilərə diqqət və qayğının göstərilməsidir.

Sosial xidmət sahəsində təkmilləşmə, yeniləşmə diqqətdən kənarda qalmır. Aparılan uğurlu sosial islahatlar proqramının mühüm nailiyyətləri sırasında DOST  Konsepsiyası xüsusi yer tutur. Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ildən DOST Agentliyi yaradılıb. Bu günədək   Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST Mərkəzi açılıb. Hazırda bu yeniliklər işğaldan azad edilmiş ərazilərimizdə də tətbiq edilir.   Zəngilanın Ağalı kəndində «Smart DOST» xidmət məntəqəsi, 2024-cü ildə isə  Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açıldı.

Ölkəmizin iqtisadi imkanlarının artması güclü sosial siyasəti şərtləndirir. Hazırda Azərbaycanın təkmil iqtisadi inkişaf modeli dünyaya nümunədir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə hesablanmış addım oldu. Bu gün Azərbaycan Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Azərbaycan bu gün artıq “yaşıl ölkə” kimi dünyanın diqqətindədir. Ötən il ölkəmizin beynəlxalq nüfuzunun, eyni zamanda, iqtisadi imkanlarının dünyaya təqdimatı olan COP29-un əhəmiyyətindən bəhs edərkən bu mötəbər tədbirin investisiya axınına öz müsbət təsirini göstərəcəyi xüsusi qeyd edildi. Milli Priortetlərdə azad edilmiş torpaqlarımızın malik olduğu iqtisadi imkanlar və onlardan səmərəli istifadə xüsusi yer alır. Əminliklə deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur  iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. Bu ərazilərdə əhalinin özünüməşğulluğunun təmin edilməsi üçün zəruri addımlar atılır. Əsas hədəf vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsidir. Milli Prioritetlərdə də qeyd edilir ki, davamlı və yüksək iqtisadi artım dinamik, inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır. 

Yeganə Əliyeva, «İki sahil»

Chosen
47
ikisahil.az

1Sources