EN

Qalmaqallı klinikanın lisenziyası ilə bağlı vəkildən açıqlama

"Özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın şərtlərinə riayət edilməsinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzarət edir".

Bunu Oxu.Az-a Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Kənan Səfərzadə Səhiyyə Nazirliyi tərəfindən "Laser Beauty Estetik" klinikasında yoxlamaların keçirilməsi ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən Qanunun bir nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziya şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslanılmış təqdimat göndərir.

Vəkil həmçinin qeyd edib ki, həmin Qanunun 6.3.4-cü maddəsinə əsasən, bu Qanunun bir nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə lisenziya verən orqan verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziya barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən üç iş günü müddətində lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına göndərir:

"Özəl tibb fəaliyyətinin ambulator tibbi xidmətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın şərtlərinə riayət edilməsinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzarət edir. Lisenziyanın sahibi tərəfindən şərtlər yerinə yetirmədikdə və ya digər neqativ hallar olduqda, lisenziya verən tərəfindən lisenziya müəyyən müddətə dayandırıla bilər".

Vəkil onu da əlavə edib ki, həmin dayandırılma müddəti ərzində lisenziya sahibi tərəfindən bu fəaliyyətlə yenidən məşğul olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinin tələbləri pozulmuş olur:

"Belə ki, 210-cu maddəyə əsasən lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olmaq inzibati məsuliyyətə səbəb olur. Belə olan halda fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manat məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 30 000 manat məbləğdə cərimə edilirlər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsi üzrə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır".

---------------


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Bakı şəhəri Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində fəaliyyət göstərən "LASER BEAUTY ESTETİK KLİNİKASI" MMC-yə məxsus klinikada plandankənar yoxlama keçirilib.

Bu barədə  Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Məlumatda xatırladılıb ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Klinikası"nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulmuşdu.

"Lakin, orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib. Yoxlamanın nəticəsi olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, "LASER BEAUTY ESTETİK KLİNİKASI" MMC-yə inzibati xəta haqqında protokol tərtib edilmiş və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib", - məlumatda vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
1
olaylar.az

2Sources