EN

“Müdrik, fədakar və sədaqətli Azərbaycan qadını” - Masallıda tədbir

“Müdrik, fədakar və sədaqətli Azərbaycan qadını” - Masallıda tədbir 

 

Masallıda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Rayon icra hakimiyyətinin inzibati binasında təşkil olunan “Müdrik, fədakar və sədaqətli Azərbaycan qadını” adlı tədbirdə şəhid ailələrindən olan qadınlar, rayonun fəal qadınları, dövlət və özünü idarəetmə orqanlarında çalışan qadınlar iştirak ediblər.
Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında qeyd edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı: “Ulu Öndər bütün sahələrdə qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi. Onun dövlət qadın siyasəti haqqında tarixi qərarında məqsəd cəmiyyətdə qadınların rolunun artırılmasına, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsinə, qadınların ictimai-siyasi proseslərə cəlb edilməsinə, qadın problemlərinin həllinə nail olmaq idi. Dahi rəhbər qadınlar haqqında çox müdrik fikirlər söyləmişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. 
Dövlət qadın siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycan qadınlarının məsuliyyətini, onların ictimai-siyasi həyatdakı fəallığını artırır. 
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qadın siyasətinin dəstəklənməsi, qadın kadrların önə çəkilməsi, həmçinin gender bərabərliyi məsələləri daim diqqət mərkəzində saxlanılır.”
Şəhid anaları Mehriban Sultanova, Ülkər Həsənova, Boradigah qəsəbə bələdiyyəsinin sədri Tünzalə Qardaşova və başqaları ölkədə və rayonumuzda qadınlara daim diqqət və qayğının olduğunu diqqətə çatdıraraq, bütün sahələrində qadınlara xüsusi önəm verildiyini bildirib, ölkə Prezidenti cənab İlham Əliyevə, birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda RİH başçısı Araz Əhmədov tərəfindən tədbir iştirakçılarına gül və hədiyyələr təqdim olunub.

 

Akif AĞAYEV.


 

Chosen
28
qht.az

1Sources