EN

Azərbaycan Qəzzanın bərpası üzrə Misirin irəli sürdüyü planı dəstəkləyir

7 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış edib.

Nazir Ceyhun Bayramov müqəddəs Ramazan ayı münasibətilə bütün İslam dünyasına ən xoş arzularını çatdırıb.

Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsız insanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qida və su qıtlığının narahatlıq mənbəyi olaraq qaldığı, mülki şəxslərin ölümünə səbəb olan güc tətbiqinin qəbuledilməz olduğu və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi qeyd edilib.

Bu istiqamətdə, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və güc tətbiqinin yolverilməzliyi prinsiplərinin üstün tutulmalı olduğu diqqətə çatdırılıb.

Ölkəmizin yanvar ayında əldə olunmuş atəşkəsi müsbət qiymətləndirdiyi diqqətə çatdırılıb, mövcud həssas vəziyyətdə atəşkəsin pozulması və eskalasiyaya gətirəcək addımlardan çəkinilməsinin vacibliyi vurğulanıb.

Əldə olunmuş atəşkəsin beynəlxalq hüquqa, o cümlədən Fələstin xalqının legitim istəklərinə əsaslanan dayanıqlı sülh prosesinin başlanğıcı rolu oynamasının əhəmiyyəti vurğulanıb.

Bu kontekstdə, Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.

Hazırkı dövrdə göstərilən sülh təşəbbüslərindən əlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın İƏT-in məsuliyyətli üzvü kimi, həmçinin 2026-cı ildə İƏT-in sədri olaraq hər zaman qardaş Fələstin xalqına dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə, öncəki illərdən əlavə, eskalasiyanın başladığı 2023-cü ildən etibarən Azərbaycanın Fələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsi məqsədilə 2 milyon ABŞ dolları həcmində yardım göstərdiyi bildirilib.

Chosen
23
7
aznews.az

10Sources