EN

Françesko Totti: “Mənə “Qızıl top” gərək deyil”

İtalyan futbolunun əfsanəsi, “Roma”nın keçmiş hücumçusu və kapitanı Françesko Totti paytaxt klubuna sadiqliyindən söhbət açıb.

Arena.az məlumat verir ki, Totti bu barədə “Viva el Futbol” podkasıtnda danışıb:

“Mən heç vaxt başqa komandada oynamaq haqda düşünməmişəm, bu, bir məna kəsb etməzdi. Ancaq mən və Maldini 25 il ərzində eyni klubda oynamışıq. Necə düşünürsünüz, əgər Messi 25 il “Roma” üçün Frau, Sesar Qomes və Pivotto ilə birlikdə çıxış etsəydi, o, bütün bu “Qızıl top”larını (8 ədəd – redaktorun qeydi) qazanardımı?

Mənə “Qızıl top”-filan gərək deyil. Mən “Roma” ilə istədiyim hər şeyi qazanmışam, heç nə haqda da təəssüflənmirəm. 25 il ərzində klubda qalmaq – mənim üçün böyük qalibiyyətdir”, deyə Totti vurğulayıb.

Françesko Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın futbolçusu olub. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.

Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.

Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.

Xatırladaq ki, Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.

Totti “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.

Chosen
21
1
arena.az

2Sources