EN

Bu gün Beynəlxalq Qadınlar Günüdür

Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Azərbaycan qadını tarixin müxtəlif dövrlərində öz gücü, əzmkarlığı və müdrikliyi ilə seçilərək, təkcə ailənin deyil, həm də dövlətin və ictimai həyatın dayağı olmağı bacarmışdır. O, təkcə ana və övlad yetişdirən şəxs deyil, həm də elm, mədəniyyət, siyasət, incəsənət və biznes kimi sahələrdə uğurları ilə cəmiyyətin inkişafına töhfə verən bir qüvvədir. Məhz Azərbaycan qadınının iradəsi və fədakarlığı nəticəsində ölkəmizdə bir çox ilklər baş vermiş, Şərqdə qadın hüquqlarının tanınmasında mühüm addımlar atılmışdır.

Qeyd edək ki, qadınlar Fransada 1945-ci, Lixtenşteyndə isə yalnız 1984-cü ildə səsvermə hüququndan istifadə edə biliblər. Bu baxımdan Azərbaycan qadınının 1919-cu ildə bu hüquqa yiyələnməsi cəmiyyətin həmin sahədə yüksək inkişaf etdiyini göstərir.

Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib.

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsini hər zaman diqqət mərkəzində saxlayan Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə ölkəmizdə qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi (hazırda həmin komitə 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır) yaradıldı. 2000-ci ildə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" imzalanan Fərman ölkəmizdə qadınların imkanlarını daha da artırdı. Bu da dövlət idarəçiliyində, təhsil, səhiyyə və mədəniyyət sahələrində qadınların sayının artmasına gətirib çıxardı. Həm dövlət komitəsinin yaradılması, həm də Fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ oldu.

Respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşılır.

Chosen
32
anspress.com

1Sources