EN

Avtomobil sənayesini dəyişən qadınlar

Avtomobil sənayesinin tarixi qadınların bu sahəyə etdiyi inqilabi töhfələrlə zəngindir. Dizayndan mühəndisliyə, idarəçilikdən yarışçılığa kimi müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlar, ənənəvi avtomobil dünyasının qaydalarını dəyişdirərək bu sahədə dərin izlər buraxıblar.

Susan Vanderbilt
1955-ci ildə 25 yaşında olan Susan Vanderbilt New Yorkdakı nüfuzlu Pratt İnstitutunu bitirdikdən sonra General Motors-da işə başlayıb. ABŞ-də qadın dizaynerlərdən ibarət ilk komanda olan "Damsels of Design"ın üzvü olan Vanderbilt o dövrdə kişilər üçün dizayn edilən avtomobillərin həm kişilər, həm də qadınlar üçün daha rahat və funksional olmasını təmin edib. Komandasının Cadillac Eldorado və Cadillac Series 62 Convertible kimi modellərin interyer dizaynında iştirakı avtomobil sənayesində qadınların potensialını ortaya qoydu. 1972-ci ildə Chevrolet-in baş interyer dizayneri təyin olunan Vanderbilt, Chevrolet Camaro kimi kult modellərin yaradılmasında və GM-in 1970-ci illərdə tətbiq olunan hava yastığı sisteminin hazırlanmasında mühüm rol oynadı. Təəssüf ki, sağlamlıq problemləri səbəbindən 1977-ci ildə şirkətdən ayrılmaq məcburiyyətində qaldı, lakin onun innovativ yanaşmaları bu gün də avtomobil dizaynında öz əksini tapır.

Mary Barra
1980-ci ildə 18 yaşında General Motors-da stajyer kimi işə başlayan Mary Barra ilkin dövrlərdə yalnız qanad və kaput keyfiyyətinə nəzarət işləri ilə məşğul olsa da, sonradan yüksək mühəndislik və idarəetmə vəzifələrində çalışaraq, Detroitdəki bir avtomobil zavodunu və şirkətin istehsal və kadr şöbələrini uğurla idarə etdi. 2014-cü ildə GM-in ilk qadın CEO-su seçilən Barra mürəkkəb recall kampaniyaları və kritik keyfiyyət problemləri ilə üzləşdiyi dövrdə şirkəti stabilləşdirərək elektrik avtomobilləri və avtonom texnologiyalara böyük investisiyalar yönəltdi. 2024-cü ildə Fortune jurnalı onu biznesin ən təsirli qadını kimi qiymətləndirdi.

Stephanie Kvolek
1964-cü ildə DuPont şirkətinin təkər istehsalı üçün polimerlərin öyrənildiyi laboratoriyasında çalışan Stephanie Kvolek, gözlənilməz bir nəticə ilə qarşılaşıb. Ənənəvi maye polimer əvəzinə əldə etdiyi bulanıq maddə üzərində etdiyi əlavə testlər nəticəsində, poladdan beş dəfə daha güclü, yüngül və yanğına davamlı material – Kevları kəşf etdi. Kevlar ilk növbədə təkərlərin gücləndirilməsi üçün istifadə edilsə də, sonradan avtomobilin əyləc sistemləri, şlanqlar, kəmərlər və mühərrik hissələrinin möhkəmləndirilməsində, eləcə də kabellərin örtülməsi, zirehlər və kaskların hazırlanmasında geniş tətbiq olunub.

Van Fengyin
1970-ci ilin oktyabrında Çinin on bir milyonluq Baodin şəhərində doğulan Van Fengyin, 1991-ci ildə universiteti bitirdikdən sonra Great Wall Motor-da satış şöbəsinə daxil olub və 2003-cü ildə şirkətin CEO-su təyin edilib. Onun rəhbərliyi altında yerli istehsalçı Great Wall, Haval, WEY, ORA və TANK kimi tanınmış brendləri özündə birləşdirərək, qlobal avtomobil qrupuna çevrildi. 2022-ci ildə şirkət 1,067,523 avtomobil sataraq artan istehsal həcmi ilə beynəlxalq bazarda mövqeyini möhkəmləndirib. 2023-cü ildə isə Van Fengyin, Çinin qabaqcıl elektrik avtomobil startaplarından biri olan XPeng-ə rəhbərlik edərək, bir il ərzində 140,000-dən çox avtomobil satdı və 4 milyard dollar gəlir əldə etdi.

Maya Markova
Rusiyanın Stroqanov Dövlət Sənət və Sənaye Akademiyasını bitirən və Almaniyanın Pförzheim Tətbiqi Elmlər Universitetində təhsil alan Maya Markova, avtomobil dizaynı sahəsində karyerasına Opel-də stajyer kimi başlayıb. "Iconic" və "Alcyone" kimi konseptlərlə diqqət çəkən Markova, daha sonra Mazda-nın Avropa dizayn mərkəzinə qoşulub və 2018-ci ildə Daimler-ə keçib. Mercedes-Benz-də işləyərkən, elektrik krossover EQE SUV-un xarici dizaynı, CLA Class konsepti və E-Class estate modelinin yenidən dizaynında mühüm rol oynayaraq, premium estetika ilə elektrik avtomobillərinin tələblərini birləşdirdi. Onun hekayəsi, Rusiyada əldə edilən təhsilin beynəlxalq avtomobil dizaynı sahəsində necə uğur qazanmağın açarı olduğunu göstərir.

Bu qadınların nailiyyətləri, avtomobil sənayesində qadınların rolu və potensialının nə qədər böyük olduğunu sübut edir. Onların yenilikçi yanaşmaları və liderliyi, bu sahənin inkişafında yeni standartların yaranmasına və avtomobillərin daha funksional, təhlükəsiz və estetik olmasına şərait yaradıb.

Chosen
22
far.az

1Sources