EN

Azərbaycanın daha üç güləşçisi AÇ-nin finalına yüksəlib

Azərbaycanın daha üç güləşçisi AÇ-nin finalına vəsiqə qazanıb.

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir.

"Operativ Media" xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da finalçılar müəyyənləşib.

Ceyhun Allahverdiyev (61 kq) debütdə albaniyalı Endrio Avdyliyə heç bir şans tanımayıb – 10:0. Həmyerlimiz türkiyəli (U23) Avropa ikincisi Tolqa Özbəkə isə 6:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ceyhun yarımfinalda Şimali Makedoniya təmsilçisi Bəşir Aliliylə qarşılaşıb və 6:4 hesablı qələbəylə adını finala yazdırıb. Allahverdiyev həlledici görüşdə ermənistanlı Levik Mikayelyanla üz-üzə gələcək.

Ağanəzər Novruzov (74 kq) startda çətinliklə üzləşib və moldovalı İon Markunu sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. Güləşçimiz 1/4 finalda daha inamlı təsir bağışlayaraq, italiyalı Raul Kasonu 5:0 hesablı qələbəylə yolundan kənarlaşdırıb. Ağanəzər yarımfinalda isə almaniyalı Manuel Vaqindən güclü olub – 4:2. Novruzov finalda rusiyalı İsmayıl Xaniyevlə qarşılaşacaq.

Arseniy Djioyev (86 kq) əvvəlcə ermənistanlı Razmik Yepremyanı vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Təmsilçimiz moldovalı Yevgeni Mihalkeana 6:4 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Arseniy final yolunda bolqarıstanlı Radomir Stoyanovla üz-üzə gəlib və “tuş”la sevinən tərəf olub. Djioyev finalda fransalı Raxim Maqamadovla qızıl medal uğrunda mübarizə aparacaq.

Sadiq Mustafazadə (92 kq) Şimali Makedoniya təmsilçisi Recep Haydariyə 9:4, albaniyalı Albin Pepoşiyə isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Sadiq finalın bir addımlığında rusiyalı Muxamed-Taxir Xaniyevlə bacarmayıb – 1:12. Mustafazadə bürünc medal uğrunda Sandro Kuraşvili (Gürcüstan) – Filip Şuki (Polşa) görüşünün qalibiylə güləşəcək.

Yusif Dursunov (125 kq) 1/4 finalda bolqarıstanlı Georgi İvanova 0:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz sabah təsəlliverici görüşdə rusiyalı Artyom Puxovskiylə qarşılaşacaq.

Chosen
6
9
operativmedia.az

10Sources