ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) növbəti ixtisar mərhələsi çərçivəsində 1029 işçini ixtisar etməyi planlaşdırır.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, idarənin 1,3 min əməkdaşı artıq işini itirib. Cəmi iki ixtisar mərhələsində NOAA-nın işçi qüvvəsinin təxminən 20%-nin ixtisar edilməsi planlaşdırılır. Bu fonda ekspertlər xəbərdarlıq edirlər ki, meteoroloji xidmətdə geniş miqyaslı ixtisarlar mühüm iqlim tədqiqatlarını dayandıra və hava proqnozunu çətinləşdirə bilər.
Agentlik həmçinin qeyd edir ki, ABŞ-dakı bütün dövlət qurumlarına martın 13-dək ixtisar planları hazırlamaq tapşırılıb. Belə ki, “Reuters”in əldə etdiyi memorandumda ABŞ Veteranlarla İş Departamenti 80 mindən çox işçini ixtisar etmək niyyətindədir.
Qeyd edək ki, ölkənin hökumət strukturlarında kütləvi ixtisarlar İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) fəaliyyəti ilə əlaqədar başlayıb. Yanvarın 20-də ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE federal büdcə xərclərinin geniş miqyaslı auditinə başlayıb. Ümumilikdə Musk dövlət xərclərini 2 trilyon dollar azaltmağı gözləyir.
Həmidə İbrahimova