EN

Samir Abasov və Kurban Berdıyevdən heç-heçəyə şərh

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla yekunlaşmış matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı başlamışdıq. Nə etmək istədiyimiz görünürdü. Əsas o idi ki, futbolçular biz istədiyimizi yerinə yetirirdilər. Dinamika, sürət var idi. Rəqib 10 nəfərlə qalsa da, onların oyunu bəllidir. Bütün komanda ilə müdafiə olunurdular, bizə də çətinlik yaradırdılar. Amma ilk hissədə 2 real epizodumuz var idi. Sonra hücuma daha ürəkli getməyə başladıq. Dəyişikliklərin də təsiri oldu ki, qol vurduq. Oyunun əvvəlində 10 nəfərə qarşı hazırlaşmırsan. Amma rəqib 10 və 11 nəfərlə də eyni cür oynayanda, plan üzrə iş gedir.

Onsuz da mən bura gələndə vəziyyətdən çıxış yolunu kubokda görürdük. Hamı başa düşürdü ki, 5 xalla çempionatın davamını gətirmək yeni baş məşqçi, yeni futbolçular üçün çətin olacaq. Amma liqa oyunlarından qopmamışıq. Kuboka da, liqa oyunlarına da köklənirik. Bütün matçlara qalibiyyət üçün çıxırıq”.

Samir Abasov “Kəpəz”lə oyundan sonra tənqid etdiyi Ağadadaş Salyanskini bu dəfə yenidən əsas heyətdə meydana buraxmasına da aydınlıq gətirib:

“Futbolçunun özü ilə də danışırıq. İş prinsipim belədir. Mənim işimdə belə şeylər olur. Xoş hal odur ki, Ağadadaş həmin açıqlamadan sonra üzə çıxdı. Təki belə olsun. Azərbaycanlı futbolçunun vəkilləri çoxaldı. Keçən dəfə tənqid etsək də, növbəti oyunda start heyətdə meydana çıxmayacaq deməmişdik. Əsas odur ki, iradlardan dərs çıxarsın. Bundan sonra daha yaxşı olmalıdır. Ağadadaş və digər oyunçular, əvəzedici komandadan gələnlər başa düşməlidir ki, bu, şansdır. Yerli baş məşqçinin burada olması onlar üçün şansdır. Legionerlər var, yüksək maaş alanlar var, onlar ehtiyatda oturublar, Ağadadaşa şans veririk. Ağadadaş və digər futbolçular da bu şansı dəyərləndirməlidir. Hücumçudursa, bunu göstərməlidir. Məşqlərdə, oyunda bunu etməlidir. Tənqid edirik, irad bildiririk. Bundan sonra da hamısı şans qazanacaq.

Dembo Darbo tam hazır deyil. Zədəsinin xroniki olub-olmadığını da bilmirəm. Siyahıda 23 futbolçu olmalıdır. Darbo optimal formadan uzaqdır. Milli fasilədən sonra düzəlsə, oynayacaq. Emin Mahmudov isə zədəyə görə oynamadı. “Səbail”lə görüşü də buraxacaq. Müalicə prosesi keçəcək. Emin kimi yaşlı oyunçularda proses uzun çəkir. Mahmudov sona kim qaçan, gücünü qorumayan oyunçudur”.

Berdıyev: “Uşaqlar Hakman üçün oynadılar”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev isə heç-heçəyə belə şərh verib:

“Paltardəyişmə otağında uşaqlarla danışdım ki, Emmanuel Hakmana görə mübarizə aparsınlar. Hakman səhvə yol verdi. Ancaq uşaqlar onun üçün oynadılar, sona qədər mübarizə apardılar. 10 nəfərlə qalsaq da, müdafiədə ağıllı və müdrik oynadılar. “Neftçi”yə elə də qol imkanı vermədik.

Oyunun ədalətli nəticəsi bərabərlik idimi? Bəli, belə hesab etmək olar. Oyunun gedişatına baxanda bunu görmək mümkündür. Gördüyüm qədərilə futbolçularda xarakter var. Ümumi gedişat da bizi sevindirməyə əsas verir. Müəyyən vaxt lazımdır”.

Chosen
21
arena.az

1Sources